Həkim bioloji yaşın necə müəyyən edilə biləcəyini açıqladı
15.07.2026 09:27

Heriatr, nevroloq və MDU nəzdində fəaliyyət göstərən Moskva Təbiətşünaslar Cəmiyyətinin (MOİP) Herontologiya bölməsinin rəhbəri Valeri Novosyolov müsahibəsində bioloji və zehni yaşın necə müəyyən olunduğundan danışıb.

Aztibb.az "Arqumentı i faktı"bnəşrinin məlumatına istinadən yazır ki, ekspertin sözlərinə görə, insanın yaşını müəyyən etməyin ən sadə yolu pasportuna baxmaqdır. Lakin həkim vurğulayıb ki, insanlar eyni sürətlə qocalmırlar. O, əsrlər boyu dəyişməyən mühüm bioloji göstəricilərə diqqət çəkib.

“Son 100 ildə cinsi yetişkənlik dövrünə qədəm qoyma yaşı əsasən 14–16 yaş arasında dəyişir. Qızlarda ilk menstruasiya (menarxe) bu yaşlarda başlayır, menopauza isə orta hesabla 50–51 yaşda baş verir və bu göstəricilərdə ciddi dəyişiklik müşahidə olunmur. Buna görə də insanların daha uzun müddət gənc qaldığını demək düzgün olmaz. Sadəcə, onlar daha fərqli görünürlər ki, bu da əsasən düzgün qidalanma və fiziki aktivliklə əlaqədardır, gəncliyin uzanması ilə deyil”, – deyə Novosyolov bildirib.

Mütəxəssis qeyd edib ki, müasir insan gənclik dövrünü uzatdığı üçün deyil, yaşa bağlı xəstəliklərin riskinin azalması hesabına daha uzun ömür yaşayır.

“Əslində biz nə gənclik, nə də körpəlik dövrünü uzatmışıq. Sadəcə, yaşla əlaqəli xəstəliklərin qarşısını daha yaxşı ala bildiyimiz üçün daha çox insan qocalıq yaşına çatır. Yüz və ya min il əvvəl də 70–80 yaşa qədər yaşayan insanlar var idi, lakin indi onların sayı daha çoxdur”, – deyə gerontoloq izah edib.

Novosyolov son illər populyarlaşan bioloji yaş testlərinə, xüsusilə qan analizləri əsasında yaşın müəyyən edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu testlər çox vaxt insanlarda yanlış təsəvvür yaradır.

“Hazırda yaş göstəricilərini müəyyən edən biomarkerləri yoxlatdırmaq dəb halını alıb. Halbuki klinik qan analizinin əsas göstəriciləri həyat boyu adətən dəyişmir və daha çox xəstəliklərdən asılı olur. Çox az istisna olmaqla, yaşa görə ayrıca laborator norma mövcud deyil. Analiz nəticələri normadan kənara çıxırsa, bu, insanın qocaldığını deyil, hər hansı xəstəliyin mövcud olduğunu göstərə bilər”, – deyə həkim xəbərdarlıq edib.

Ekspert əlavə edib ki, Alzheimer xəstəliyi kimi yaşa bağlı bəzi xəstəliklər 15–20 il ərzində heç bir əlamət vermədən inkişaf edə bilər. Bununla belə, orqanizmin funksional imkanları daha erkən zəifləməyə başlayır.

“İnsan daha yavaş düşünür, reaksiyaları zəifləyir. Məhz orqanizmin funksional göstəriciləri bioloji yaşın əsas meyarıdır. Əgər siz daha məhsuldarsınız, daha çox iş görə bilirsiniz, intellektual fəaliyyətiniz yüksəkdir, böyrəkləriniz daha yaxşı işləyir (filtrasiya sürəti yüksəkdir), deməli, bioloji baxımdan daha gəncsiniz. Bioloji yaşı yalnız orqan və sistemlərin funksiyalarını qiymətləndirməklə müəyyən etmək mümkündür”, – deyə Novosyolov vurğulayıb.

Həkimin sözlərinə görə, həyat tərzinin dəyişdirilməsi, ağır fiziki yüklərin azaldılması və sağlam qidalanma funksional göstəriciləri yaxşılaşdıra bilər. Lakin qocalmanın əsas mahiyyəti – bütün orqanların funksiyalarının tədricən zəifləməsi – dəyişməz olaraq qalır.

“Keçmişdə insanlar təkamül prosesində heç vaxt doyunca qidalanmırdılar. Bu gün isə mülayim qidalanmağa üstünlük verilir. İnsan həyat tərzini dəyişdirib və daha uzun yaşamaq istəyir. Amma yaşı pasporta və ya qan analizinə görə deyil, beyninizin və orqanlarınızın necə işlədiyinə əsasən qiymətləndirmək lazımdır”, – deyə ekspert yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko Rusiyada gənclik yaş həddinin 40 yaşa qədər artırılmasını təklif etmiş, bunu müasir insanların fiziki və zehni aktivliyini daha uzun müddət qoruyub saxlaması ilə əsaslandırmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev