Beş müharibədən keçmiş, milyonlarla insan həyatını xilas edən, Sovet neyrocərrahiyyənin banisi Nikolay Burdenko
03.06.2026 12:26

3 iyun görkəmli cərrah, Rusiyada neyrocərrahiyyənin banisi Nikolay Niloviç Burdenkonun anadan olmasının 150 illiyi qeyd olunur. Onun həyatı tək bir həkimin taleyi deyil, bütöv bir tibbi məktəbin və minlərlə insanın xilası ilə nəticələnən böyük bir missiyanın tarixidir.

Aztibb.az görkəmli alimin yoluna işıq salıb.

 

Nikolay Burdenko 3 iyun 1876-cı ildə Penza quberniyasının Kamyanka kəndində sadə, lakin savadlı bir ailədə doğulub. İlk təhsil yolu ruhani istiqamətdə olub: o, dini məktəbi və seminariyanı bitirib. Lakin sonradan həyat yolunu dəyişərək Tomsk Universitetinin tibb fakültəsinə daxil olub.

 

Onun tibb mütəxəssisi kimi peşəkar formalaşması Rus-Yapon müharibəsi dövrünə təsadüf edir. Burada o, feldşer kimi xidmət edərək cəbhədə yaralılara yardım göstərib, güllə altında işləyib və insanları döyüş meydanından çıxarıb. Göstərdiyi igidliyə görə Georgi xaçı ilə təltif olunub. Müharibədən sonra Yuryev Universitetində təhsilini davam etdirib və istedadlı cərrah kimi tanınmağa başlayıb.

Birinci Dünya Müharibəsi zamanı Burdenko artıq təcrübəli həkim və hərbi tibb sisteminin təşkilatçısı idi. O, sanitar dəstələr formalaşdırır, ön cəbhədə çalışır və daha sonra hərbi-sanitar inspeksiyanın rəhbərlərindən biri olur. Bu dövrdə o, sonradan sovet hərbi sahə cərrahiyyəsinin əsasına çevriləcək prinsipləri formalaşdırmağa başlayır.

Vətəndaş müharibəsi illərində o, Voronejdə fəaliyyət göstərərək universitet klinikasına rəhbərlik edib, eyni zamanda cərrahiyyə ilə məşğul olub və neyrocərrahiyyənin ayrıca elm sahəsi kimi formalaşması ideyasını inkişaf etdirib.

1923-cü ildə N.Burdenko Moskvaya köçərək MDU-nun professoru və klinik cərrahiyyə klinikasının direktoru təyin olunub. 1929-cu ildə nevroloq Vasili Kramer ilə birlikdə SSRİ-də cəmi 25 çarpayılıq ilk neyrocərrahiyyə klinikasını yaradıb. Həmin klinikada ilk planlı əməliyyat aparılıb və bu, gələcək böyük neyrocərrahiyyə institutunun başlanğıcı olub.

1941-ci ilədək N.Burdenko artıq Sovet ordusunda baş cərrahı idi. Yaşına, keçirdiyi kontuziyalara və ağır sağlamlıq vəziyyətinə baxmayaraq, o, müharibə dövründə fasiləsiz çalışırdı. 

O, hərbi hospital və sanitar məntəqələri gəzərək yaralıların müalicəsinə rəhbərlik edir, yeni dərmanların – sulfidin, streptosid və penisillinin tətbiqini təşviq edirdi. Onun təşəbbüsü ilə bu preparatlar geniş şəkildə hərbi tibbi praktikaya daxil edildi.

N.Burdenko cəbhə tibb sisteminin əsas memarlarından biri oldu. O, yaralıların mərhələli şəkildə çeşidlənməsi, “qızıl saat” prinsipinə uyğun təcili cərrahi yardımın təşkili kimi mühüm qaydalar formalaşdırdı. Bu sistem milyonlarla əsgərin həyatını xilas etdi.

1944-cü ildə onun təşəbbüsü ilə SSRİ Tibb Elmləri Akademiyası yaradıldı və Burdenko həmin qurumun ilk prezidenti oldu. O, ölümünə qədər elmi fəaliyyətini davam etdirdi və 11 noyabr 1946-cı ildə vəfat etdi.

Bu gün onun adı akademik N.N. Burdenko adına Milli Neyrocərrahiyyə Mərkəzinə verilib. Bu mərkəz dünya neyrocərrahiyyəsinin aparıcı elmi və klinik mərkəzlərindən biri hesab olunur və Burdenkonun yaratdığı məktəbin davamıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır