Son onilliklərdə dünyada baş verən epidemiyalar, xüsusən də COVID-19 pandemiyası, həmçinin müasir dövrün bəlaları sayılan, ən çox insan ölümünə səbəb olan bir çox qeyri-infeksion xəstəliklərin kəskin artması tibb elminin və onunla əlaqədar digər elm sahələrinin daha intensiv inkişafına böyük ehtiyac olduğunu üzə çıxardı. Ona görə də təəccüblü deyildir ki, 4-cü Sənaye inqilabının nailiyyətlərinin ən vacib tətbiq sahələrindən biri məhz tibb və səhiyyə sahələridir. Son illərdə əlaqədar elm sahələri üzrə Nobel mükafatlarının ən çox insan sağlamlığının və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılmış tədqiqatların mühüm nəticələrinə görə verilməsi də dünya birliyinin müvafiq problemlərin ciddiliyini nə dərəcədə dərk etdiyinin əyani göstəricisi hesab edilə bilər. Bütün bunlar göstərir ki, hazırda tibb elmi Yer üzərində insan həyatının davamı üçün ən vacib və ən etibarlı “müttəfiq”lərdən biridir və bu elmin nümayəndələrinin cəmiyyətdə tutduqları mövqe, qazandıqları böyük nüfuz da təsadüfi deyildir.
Zəngin elmi ənənələrə malik Azərbaycanda tibb elminin kifayət qədər qədim tarixi və ənənələri vardır. İnsanların fiziki-bioloji və ruhi sağlamlığına nail olmaq üçün daim yeni üsul və vasitələrin axtarışında olmuş, ən ağır xəstəliklərə qarşı mübarizədən çəkinməmiş, eləcə də cəmiyyət içərisində söz sahibi kimi fərqlənmiş təbiblər xalq arasında böyük nüfuz və hörmət qazanmışlar. Həkimliklə yanaşı, elmi tədqiqatlarla məşğul olaraq dəyərli nailiyyətlər əldə etmək ənənəsinin əsası XX əsrin korifey təbib-alimləri Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev tərəfindən qoyulmuş, daha sonralar Zərifə xanım Əliyevanın, Ədilə xanım Namazovanın, Cəmil Əliyevin və daha neçə-neçə şəxsiyyətin fəaliyyəti ilə davam və inkişaf etdirilmişdir. Bu görkəmli elm xadimləri öz tədqiqatları ilə bərabər, ən müasir elmi bilik və innovativ nailiyyətləri tətbiq edərək tibb elminə və milli səhiyyəmizə böyük töhfələr vermişlər.
XX əsrin son onilliklərində və XXI əsrdə Azərbaycan tibb və biologiya elmlərinin inkişafında müstəsna xidmətləri olmuş təbib-alim və elm təşkilatçılarından biri də “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və Rusiya Elmlər Akademiyasının xarici üzvü, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Səhiyyə Komitəsinin sədri, tibb elmləri doktoru, professor Əhliman Tapdıq oğlu Əmiraslanovdur.
Bu gün geniş və zəngin elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti, vətəndaş-ziyalı mövqeyi ilə bir sıra uğurlara imza atmış akademik Əhliman Əmiraslanovun çıxdığı böyük yolda öz həqiqətini tapmasının, həyatda nail olduqlarının təməl səbəblərindən biri də onun ixtisas seçimini etdiyi, ilkin elmi biliklərini topladığı və tədqiqatçı kimi yetişməyə başladığı dövrlə bağlıdır. Bu, o dövr idi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlmişdi. Gələn il anadan olmasının 100 illiyini qeyd edəcəyimiz bu dahi dövlət xadiminin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar həyata keçirilirdi, istedadlı gənclərə geniş meydan verilirdi, aparılan siyasətin mühüm istiqamətlərindən birini SSRİ-nin tanınmış mərkəzlərində respublika üçün yüksəkixtisaslı kadrların hazırlanması təşkil edirdi.
Məhz gənclər üçün yaradılan bu şəraitdən istifadə edən Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olaraq, 1977-ci ildə burada təhsil müddətini başa vurmamış “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alır.
Moskva mühitində, böyük alimlərin əhatəsində bir həkim və alim kimi püxtələşən, elmi vəzifələrdə addım-addım irəliləyən Əhliman Əmiraslanovun 1984-cü ildə, cəmi 36 yaşında “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülməsi, Moskvada apardığı tədqiqatların nəticələrini əks etdirən monoqrafiyaları, elmdə əldə etdiyi nailiyyətlərə görə İttifaq səviyyəli bir sıra mükafatlarla təltif olunması çox şeydən xəbər verir. Artıq həm SSRİ-də, həm də onun sərhədlərindən xaricdə tanınmış alimin “Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi” haqqındakı silsilə elmi-texnoloji işlərinə görə 1986-cı ildə elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında, eləcə də tibb elminin və səhiyyənin inkişafında xidmətlərinə görə 1991-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülməsini xüsusi qeyd etmək lazımdır.
Professor Əhliman Əmiraslanov Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğumuz, müqəddəs Qarabağ torpaqlarımızın işğal edildiyi, müstəqil dövlətçiliyə keçid dövrünün çətinliklərinin yaşandığı ağır bir dövrdə Moskvada – Klinik Onkologiya İnstitutunda ona təklif olunmuş direktor vəzifəsindən imtina edərək, xalqının və dövlətinin mənafeyinə xidmət etməyi daha üstün tutdu. Alim 1992-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışmış, 1993-cü ildən bu günə kimi eyni zamanda Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, daha sonra universitetin Onkoloji klinikasının direktoru kimi xalqımızın sağlamlığına dəyərli töhfələr vermişdir.
Xüsusilə qeyd etməyi lazım bilirəm ki, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra da Əhliman Əmiraslanov Heydər Əliyevin və daha sonra onun layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursuna, ölkəmizin xilası və inkişafı, müstəqilliyin gücləndirilməsi, milli kadrların hazırlanması istiqamətində atılmış möhtəşəm addımlara ən çox sədaqət göstərən, dəstək olan ziyalı-alim, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim kimi özünü bir daha təsdiq edə bilmişdir.
Akademik Əhliman Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. Böyük Azərbaycan alimi və ictimai-siyasi xadim akademik Cəlal Əliyevlə olan səmimi münasibəti, elmi tərəfdaşlığı və dostluğu bu bağlılığın mühüm amillərindən biri hesab edilə bilər. Əhliman Əmiraslanov hər zaman Cəlal müəllimi özünün ağsaqqalı, müəllimi saymış, onun hörmətini uca tutmuş, məsləhətlərini dinləmiş və yüksək dəyərləndirmişdir.
Əhliman Əmiraslanov Azərbaycan tibb elminə və elmi kadr hazırlığına verdiyi əhəmiyyətli töhfələrə görə 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmiş, 2007-2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi biologiya və tibb elmlərinin inkişafında önəmli rol oynamışdır. O, ölkəmizdə bu vacib elm sahələrinin müasir dövrün çağırışlarını, dünyada gedən əsas tendensiyalar və ölkənin ehtiyaclarını nəzərə alaraq, uzunmüddətli dövr üçün tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, respublika üzrə müvafiq elmi prosesin təşkili və modernləşdirilməsinə, tədqiqatların ən müasir metodlarla aparılmasına, beynəlxalq elmi əlaqələrin intensiv inkişafına böyük qüvvə sərf etmiş, yeni elmi qurumların yaradılması, tədqiqat müəssisələrinin və istiqamətlərin maddi-texniki bazasının durmadan yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlamış, institutlardan və alimlərdən öz dəstəyini heç zaman əsirgəməmişdir.
Akademik Əhliman Əmiraslanov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə rəhbərlik etdiyi dövrdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvü kimi şuranın strukturunda fəaliyyət göstərən və bölməyə bağlı olan Problem şuralarının fəaliyyətini daim nəzarətdə saxlamış, onlara ümumi rəhbərliyi yüksək səviyyədə həyata keçirmişdir.
Akademik Əhliman Əmiraslanov bir alim, elm və təhsil təşkilatçısı kimi Bakıda keçirilən və dünyanın ən böyük elmi-siyası tədbirlərindən olan bir neçə Bakı Humanitar Forumunun tibb və biologiya bölümünün sədri olmuş, dünyanın tanınmış mütəxəssislərinin iştirakı ilə qlobal elmi problemlərin müzakirəsini təşkil etmiş, bu forumlarda dəfələrlə proqram xarakterli çıxışlar etmişdir.
Tanınmış alimin 2016-cı ilin dekabrında AMEA-nın Rəyasət Heyətində etdiyi tarixi məruzə yaxın 10-15 ildə Azərbaycanda biologiya və tibb elmlərinin inkişafının yol xəritəsi hesab edilə bilər. Qeyd edilən məruzədə tədqiqatların ən müasir metodlarla aparılmasına, elmi işlərin yüksək beynəlxalq səviyyədə təşkili və modernləşdirilməsinə, tədqiqatlarda multidissiplinarlığa, innovativ yanaşmalara, çoxmərkəzlilik və beynəlxaq əlaqəlilik prinsiplərinin tətbiqinə Əhliman müəllimin göstərdiyi diqqət çox əhəmiyyətli olmuşdur.
Məruzədə irəli sürülən tezislər sonralar daha da inkişaf etdirilmiş, ölkədə biologiya, tibb və aqrar elmlərinin əsas tədqiqat istiqamətləri sırasına – biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi kimi məsələlər daxil edilmişdir.
Akademik Əhliman Əmiraslanov AMEA-dakı fəaliyyəti dövründə Azərbaycanda biologiya və tibb elmləri üzrə tədqiqat müəssisələrinin mövzu planlarının yuxarıda qeyd edilən prioritet istiqamətlərə, dövlət proqramları və tapşırıqlarına, milli strategiyalara və yol xəritələrinə uyğun seçilməsi və uğurla yerinə yetirilməsinə ciddi diqqət göstərmiş, elmi ictimaiyyətin ümumi məqsədlər üçün səfərbər edilməsində böyük rol oynamışdır.
Əhliman müəllimin bölməyə rəhbərlik etdiyi müddətdə biologiya və tibb üzrə 240-dan çox mühüm elmi nəticə əldə edilmiş, 100-dən çox patent alınmış, 160-a yaxın kitab çap olunmuş, 260-a yaxın qrant layihəsi yerinə yetirilmiş, impakt faktorlu, resenziyalı jurnallarda çap olunan məqalələrin sayı dəfələrlə artmışdır.
Respublikada və xaricdə çap olunmuş 500-dən çox elmi əsərin, o cümlədən 20 monoqrafiya, 35 dərslik və dərs vəsaitinin, 18 ixtira və səmərələşdirici təklifin, 5 müəlliflik şəhadətnaməsi və patentin müəllifi olan Əhliman Əmiraslanov çox məhsuldar bir alim kimi hər zaman gənc tədqiqatçılara nümunə olmuşdur.
Akademik Əhliman Əmiraslanovun BTEB-ə rəhbərlik etdiyi dövrdə burada bir sıra mühüm islahatlar həyata keçirilmiş, bölmənin strukturunda əsaslı dəyişikliklər edilmişdir. İlk növbədə akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasını qeyd etmək istərdim. Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş Ümumi yığıncağında Əhliman müəllimin də dəstəyi ilə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş, institut 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlamışdır. Deyə bilərəm ki, bu gün özünün yeni inkişaf dövrünü yaşamaqda olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda əldə edilən mühüm elmi tədqiqat nəticələrinin, beynəlxalq əməkdaşlıq üzrə və kadr hazırlığındakı nailiyyətlərin əsası məhz akademik Əhliman Əmiraslanovun bölməyə rəhbərlik etdiyi dövrdə qoyulmuşdur.
Həmin dövrdə digər struktur dəyişikliklərindən AMEA Mərdəkan Dendrarisinin Dendrologiya İnstitutuna çevrilməsini, Genetik Ehtiyatlar İnstitutunun, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun BTEB-in tərkibinə daxil edilməsini qeyd edə bilərəm.
Akademik Əhliman Əmiraslanov biologiya və tibb elmlərinin ən müasir istiqamətləri üzrə elmi kadrların hazırlanması işinə hər zaman çox həssaslıqla və son dərəcə diqqətlə yanaşmışdır. Gənc tədqiqatçılar üçün imkanlar (o cümlədən, beynəlxalq təlim və tədqiqat proqramlarında, inkişaf etmiş ölkələrin tanınmış universitetlərində magistr və doktorant hazırlığında iştirak imkanları) genişləndirilmiş, bölmənin bir neçə institutunda ilk dəfə olaraq təhsilin magistratura pilləsi yüksək səviyyədə təşkil edilmiş, doktoranturaya qəbul optimallaşdırılmış, doktorant və dissertantların sayı və seçimin keyfiyyəti artırılmışdır. Əhliman müəllim şəxsən özü elmi məsləhətçi və rəhbər kimi kadr hazırlığında ciddi nailiyyətlər qazanmış bir elm və təhsil xadimidir. 15 elmlər, 50 fəlsəfə doktoru yetişdirmiş alimin elmi məktəbinin davamçıları bu gün nəinki Azərbaycanın, eləcə də yaxın və uzaq xarici ölkələrin klinikalarında, universitetlərində, elmi tədqiqat müəssisələrində çalışaraq, onun yolunu uğurla davam etdirirlər.
Akademik Əhliman Əmiraslanovun istiqamətverici rəhbərliyi ilə tədqiqat işlərinin təşkilinin müasirləşdirilməsi, elmi fəaliyyətin daha yaxşı əlaqələndirilməsi və təbliği, elmi biliklərin geniş auditoriyaya çatdırılması və s. məqsədlərlə BTEB-in və bölməyə daxil olan elmi-tədqiqat institutlarının veb-saytları yaradılmış və durmadan təkmilləşdirilmişdir. Əhliman müəllim elektron elmin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlamış, onun tövsiyələri ilə tədqiqatlara informasiya texnologiyalarının, riyazi metodların tətbiqi gücləndirilmişdir.
Əhliman Əmiraslanovun rəhbərliyi ilə bölmədə aparılan önəmli elmi-təşkilati fəaliyyətlərindən biri də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nəşri olan “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalı ilə bağlı olmuşdur. Alim uzun illər bu jurnalın baş redaktorunun müavini olmuş, 2016-cı ildən həmin nəşrin baş redaktorudur. AMEA-da elmi jurnalların fəaliyyətinin yenidən qurulması istiqamətində aparılan məqsədyönlü islahatlara uyğun olaraq, jurnalın işinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. AMEA-nın Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə jurnalın adı dəyişdirilərək “Həyat Elmləri və Biotibb” adlandırılmışdır. Tam şəkildə ingilis dilində nəşr edilən jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, onun beynəlxalq standartlara uyğun yeni saytı yaradılmış və daim təkmilləşdirilmiş, burada çap olunan məqalələrə tələblər ciddiləşdirilmişdir.
Xüsusi qeyd etməyi vacib bilirəm ki, jurnalın 2021-ci ildə nəşr olunmuş bir nömrəsinə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın məruzələri əsasında yazılmış 20 elmi məqalə daxil edilmişdir. Jurnalın 2022-ci il üzrə bu yaxınlarda işıq üzü görəcək 2-ci nömrəsi yenə də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən 22-23 sentyabr 2022-ci il tarixində keçirilmiş “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın materiallarını əhatə edən məqalələrdən formalaşdırılacaqdır.
Ümummilli əhəmiyyətə malik bir sıra nəşrlərin hazırlanması və çapında da akademik Əhliman Əmiraslanovun mühüm xidmətləri olmuşdur. Bunların sırasında bölmə institutlarının alim və mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II nəşrinin (2013) və Azərbaycan Respublikasının “Milli Atlas”ının (2014) hazırlanması kimi işlər xüsusilə fərqlənir.
Akademik Əhliman Əmiraslanov Azərbaycanın beynəlxalq miqyasda təmsilçiliyində önəmli rolu olan şəxslərdən biridir. Bu fakt AMEA iə bağlı fəaliyyətlərdə də özünü bariz şəkildə göstərmişdir. Akademik 1999-cu ildən UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, 2006-cı ildən Milli Komitənin Rəyasət Heyətinin üzvü olmuş, 2016-cı il iyunun 29-da sədri seçilmişdir. Qeyd edim ki, 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Milli Komitənin yeni tərkibi təsdiq edilmiş və görkəmli alim yenidən sədr seçilmişdir. O, həmçinin uzun illərdir UNESCO-nun ekspertidir.
Akademik Əhliman Əmiraslanovun BTEB-in rəhbəri olduğu dövrdə institutlarla dünyanın qabaqcıl ölkələrinin (Böyük Britaniya, ABŞ, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, Kanada, Yaponiya, Rusiya, Ukrayna, Belarus və s.) bir çox tanınmış elmi-tədqiqat mərkəzləri və alimləri arasında məhsuldar əməkdaşlıq əlaqələri yaradılaraq inkişaf etdirilmiş, çoxsaylı ortaq elmi tədqiqat işləri aparılmış, alim və mütəxəssis mübadilələri mütəmadi xarakter almışdır.
Əhliman Əmiraslanov kimi yüksək intellektli, eyni zamanda milli mənəvi dəyərlərə sadiq bir şəxsiyyət haqqında çox danışmaq, çox yazmaq olar. Əhliman müəllim bəzən ümidsizliyə düçar olmuş xəstələrə belə sağlamlıq və sevinc bəxş etmiş, pasiyentlərin həyat keyfiyyətini həkimlik fəaliyyətinin şüarına çevirmiş fövqəladə dərəcədə həssas bir həkim, ən kiçik işlərdə belə çox diqqətli insandır.
İstər həkimlik, istər elmi-pedaqoji, istərsə də millət vəkili kimi bütün fəaliyyətlərində həyatı və yaradıcılığı, dünyaya və insanlığa baxışları ilə gənclərə böyük örnək olan akademik Əhliman Əmiraslanov bu gün də tükənməz enerji ilə yorulmadan çalışmaqda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan davamlı inkişaf, Azərbaycan dövlətçiliyinin, elminin, səhiyyəsinin, təhsilinin tərəqqisi yolunda öz müstəsna missiyasını layiqincə yerinə yetirməkdədir.
Həyatının və elmi yaradıcılığının kamillik və müdriklik zirvəsində olan Əhliman müəllimə bu şərəfli missiyasında yeni-yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

