Azərbaycan Tibb Universiteti (ATU) innovativ tədris proqramları, təcrübəli professor-dosent heyəti və müasir klinik bazası ilə ölkəmizdə və beynəlxalq aləmdə rəqabətədavamlı, yüksək ixtisaslı ortodontların hazırlanmasını uğurla davam etdirir.
Aztibb.az-ın xəbərinə görə, müasir tibbin ən tələb olunan, estetik və sürətlə inkişaf edən sahələrindən biri - Ortodontiya ixtisası üzrə elmi düşüncəli, müasir texnologiyalara yiyələnmiş peşəkar kadr hazırlığı isə ATU-nun Stomatologiya fakültəsində həyata keçirilir.
Ortodontiya ixtisasının əsas məqsədi diş-çənə sistemi anomaliyalarının dəqiq diaqnostikası, profilaktikası və müasir protokollarla müalicəsi üzrə nəzəri və praktiki bacarıqlara yiyələnmiş həkim-ortodontlar yetişdirməkdir.
Ümumiyyətlə, stomatoloji sağlamlıq yalnız mövcud estetik qüsurun bərpası, vizual gözəllikdən ibarət deyil; diş-çənə sistemindəki anomaliyalar, dişləm anomaliyaları və çənə deformasiyaları ümumi orqanizmin funksional bütövlüyünə və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Ortodontiya orqanizmdə yarana biləcək zəncirvari fəsadların (çənə oynağı patologiyaları, dişlərin vaxtından əvvəl itirilməsi və həzm sistemi pozuntuları) əvvəlcədən qarşısının alınmasına yönəlir. Bu baxımdan, ixtisaslaşma müasir stomatologiyanın həm profilaktik, həm də strateji-rekonstruktiv yanaşmasını özündə birləşdirir.
Rəqəmsallaşma və texnoloji tərəqqi ortodontiya sahəsinə yeni nəfəs gətirir. 3D modelləşdirmə, rəqəmsal planlaşdırma, şəffaf kapalar (elaynerlər) və müasir breket sistemləri passiv müalicə metodlarını tamamilə əvəz edir. Dəyişən standartlar müasir, innovativ düşüncəyə malik multidissiplinar mütəxəssislərə tələbatı kəskin artırır. Ona görə də ortodontiya gələcəyin və hər dövrün ən perspektivli peşələrindən biri hesab edilir.
İxtisaslaşma müddətində diş-çənə sisteminin anatomiyası, fiziologiyası və patologiyaları kompleks şəkildə öyrənilir, nəzəri biliklər klinik praktika ilə inteqrasiya olunur.
Ortodontiya üzrə karyera yalnız klinik həkim fəaliyyəti ilə məhdudlaşmır. Təcrübə və davamlı peşəkar inkişaf sayəsində mütəxəssis müxtəlif istiqamətlərdə yüksələ bilər. Mümkün karyera istiqamətlərinə həkim-ortodont, klinika rəhbəri/baş həkim, rəqəmsal ortodontik planlaşdırma üzrə ekspert, elmi kadr və pedaqoq, ortodontik brendlərin kliniki məsləhətçisi kimi fəaliyyətlər daxildir. Bundan əlavə, bu ixtisas doktorantura səviyyəsində elmi fəaliyyət üçün də geniş üfüqlər açır. Məzunlar rəqəmsal ortodontiya, biomexanika, üz-çənə deformasiyalarının cərrahi-ortodontik müalicəsi üzrə dərin elmi tədqiqatlar apara bilərlər.

