Dəri xəstəliklərinin təbiətinin və diaqnostikasının anlaşılmasına yeni yanaşmalar
03.09.2026 12:30

Dermatologiya son illərdə diaqnostika sahəsində əldə edilən nailiyyətlər sayəsində böyük inkişaf yolu keçib. Bu inkişaf molekulyar-genetik, immunoloji, histokimyəvi, elektron-mikroskopik və digər müasir tədqiqat üsullarının tətbiqi ilə əlaqədardır. 

 

Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun Dermatovenerologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə  doktoru Yunus Mirzəyev bildirib ki, bu, yalnız klassik dəri xəstəliklərinin müalicəsi ilə məhdudlaşmır, həmçinin dermatoveneroloji yardımın göstərilməsi, sosial əhəmiyyətli xəstəliklərin aşkar edilməsi və onların müasir diaqnostika üsullarının tətbiqini də əhatə edir.

 

Onun sözlərinə görə, dəri yalnız qoruyucu örtük deyil, həm də immun sisteminin fəal elementidir. Eyni zamanda, dermatozların əksəriyyəti, sanki ekranda olduğu kimi, daxili orqanların, endokrin və digər sistemlərin patoloji təzahürlərini əks etdirir.

 

Yunus Mirzəyev əlavə edib ki, dəri insan orqanizminin ən böyük orqanlarından biri olmaqla, orta hesabla təxminən 2 m² sahəyə malikdir və bədən çəkisinin təqribən 20%-ni təşkil edir (dərialtı piy toxumasının çəkisi nəzərə alınmadan). Dəri epidermis, derma və dərialtı piy toxumasından ibarət üçkomponentli sistemdir.

 

"Epidermis və derma quruluş və funksiyalarına görə bir-birindən fərqlənsələr də, vahid bir sistemdə birləşirlər. Belə ki, epidermis embriogenez prosesidə ektodermal, derma isə mezodermal rüşeym təbəqəsindən formalaşır. Ektoderm sinir, immun və endokrin sistemlərin yaranmasını şərtləndirir. Buradan belə nəticəyə gəlmək olar ki, əgər patoloji proses dərinin epidermal qatında lokalizasiya olunur və oradan başlayırsa, bu proses sinir, endokrin və immun sistemləri ilə əlaqəlidir və aparılan tədqiqatlar da məhz bu istiqamətlərə yönəldilməlidir. Proses dermada lokalizasiya olunduğu halda isə tədqiqatlar daxili orqanların öyrənilməsinə istiqamətləndirilməlidir", - deyə o, bildirib.

 

Yunus Mirzəyev qeyd edib ki, son illərdə xəstəliklərin etiologiyasının və patogenezinin, xüsusilə də irsi xəstəliklərin öyrənilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Bu, xəstəliklərin diaqnostikasının, müalicəsinin, profilaktikası və reabilitasiyası üsullarının təkmilləşdirilməsinə imkan verib.
Hazırda dəri və selikli qişalarda təzahür edən təxminən 2000 nozoloji xəstəlik məlumdur və klinik əlamətlərə əsaslanan diaqnostika yalnız diaqnostik səhvlərə gətirib çıxarır. Buna görə də tibb fakültələrinin tələbələrinin, rezidentlərin və həkim-dermatoveneroloqların hazırlığı dərinin strukturunun və funksiyalarının, eləcə də onun daxili orqanlarla qarşılıqlı əlaqəsinin dərindən dərk edilməsi nəzərə alınmaqla aparılmalıdır. Onlara, həmçinin dəri və onun törəmələrində baş verən müxtəlif dəyişikliklərin mexanizmləri, eləcə də əldə edilmiş laborator məlumatların düzgün şərh edilməsi öyrədilməlidir.


 
       

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə