Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
04.09.2026 09:51

“Həkimlərimizi tanıyaq!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və kritik vəziyyətdə olan pasiyentlərin müalicəsində müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Dr. Xəyal Məmmədovu Sizə təqdim edirik.

 

Anesteziologiya və reanimatologiya tibbin ən böyük məsuliyyət tələb edən sahələrindən biridir. Cərrahi əməliyyat zamanı pasiyentin həyati funksiyalarının təhlükəsiz şəkildə qorunması, anesteziyanın düzgün seçilməsi və aparılması, əməliyyatdan sonrakı dövrdə intensiv müalicənin təşkili xüsusi bilik, təcrübə və yüksək diqqət tələb edir. Dr. Xəyal Məmmədov uzunillik peşəkar fəaliyyəti ərzində məhz bu istiqamətdə zəngin klinik təcrübə formalaşdırmış mütəxəssislərdəndir.

 

Xəyal həkimin peşəkar fəaliyyət istiqamətləri

 

Dr. Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatdan əvvəl pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, fərdi xüsusiyyətlərinə uyğun anestezioloji taktikanın müəyyənləşdirilməsi və anesteziyanın aparılmasını həyata keçirir.

 

O, həmçinin əməliyyat zamanı pasiyentlərin həyati göstəricilərinin davamlı nəzarətdə saxlanılmasını, əməliyyatdan sonrakı dövrdə intensiv müalicə və müayinə taktikasının seçilməsini və aparılmasını təmin edir.

 

Xəyal həkimin fəaliyyət istiqamətlərinə əməliyyatdan sonra ağrısızlaşdırma, eləcə də müxtəlif regional anesteziya prosedurlarının həyata keçirilməsi daxildir.

 

Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar

Dr. Xəyal Məmmədov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1996–1997-ci illərdə Azərbaycan Tibb Universitetində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili alıb.
1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi Klinik Hospitalında Təxirəsalınmaz Yardım və Anesteziologiya-Reanimasiya şöbəsində həkim-ordinator kimi peşəkar fəaliyyətinə başlayıb. Sonrakı illərdə şöbə rəisi vəzifəsinə qədər yüksəlib.

 

2013–2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş anestezioloq-reanimatoloqu kimi fəaliyyət göstərərək, anesteziologiya və reanimatologiya sahəsində geniş klinik və təşkilati təcrübə qazanıb.
2019-cu ildən etibarən Dr. Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyətini davam etdirir.

 

Beynəlxalq təcrübə və davamlı peşəkar inkişaf

Müasir tibbdə biliklərin daim yenilənməsinin vacibliyini əsas götürən Xəyal həkim müxtəlif illərdə xarici ölkələrdə keçirilən ixtisasartırma və təkmilləşdirmə proqramlarında iştirak edib.

 

2015-ci ildə Almaniyanın Unna Nevroloji Klinikasında nevrologiya üzrə intensiv terapiya kursunda iştirak edib. 2017-ci ildə Almaniyanın Berlin şəhərində yerləşən Bundeswehrkrankenhaus Şarite klinikasının təhsil bazasında anesteziologiya-reanimatologiya üzrə ixtisasartırma kursu keçib.

 

2019-cu ildə Azərbaycan Tibb Universiteti və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə Bakıda keçirilən “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda iştirak edib. Həmin il Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçərək, müasir anesteziologiya və intensiv terapiya üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirib.

 

Peşəkarlıq, məsuliyyət və müasir tibbi yanaşma

 

Xəyal Məmmədov özünə qarşı tələbkar, daim üzərində çalışan və peşəkar inkişafı əsas prioritetlərindən biri hesab edən həkimdir. O, dünya səhiyyəsində və tibbdə baş verən yenilikləri, qabaqcıl ölkələrin müasir müalicə yanaşmalarını və intensiv terapiya sahəsində əldə olunan son nailiyyətləri mütəmadi olaraq izləyir.
Uzunillik klinik təcrübəsini müasir tibbi biliklərlə birləşdirən Xəyal həkim pasiyentlərin təhlükəsizliyi, fərdi yanaşma və yüksək keyfiyyətli tibbi xidmət prinsiplərini öz fəaliyyətində əsas götürür.

 

Xəyal Məmmədov 2016-cı ildən Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin üzvüdür.Daim öz üzərində çalışan, zəngin peşəkar təcrübəyə və yüksək məsuliyyət hissinə malik Dr. Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalının peşəkar həkim kollektivində özünəməxsus yer tutur.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş