Azərbaycanda qazanılmış ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı azalıb
10.08.2021 15:56

Mitral qapaq ürəyin sol qulaqcığı və sol mədəciyi arasında yerləşir və qanın geriyə qayıtmasını əngəlləyir. Mitral liflərin yerləşdiyi hissə mitral qapaq kompleksi adlanır. Kompleksi təşkil edən kompanentlərdən birindi meydana gələn zədə qapaqda darlıq və ya çatışmazlığa səbəb ola bilər. Qapaq xəstəlikləri anadangəlmə və ya qazanılmış olur. Hər iki halda patofizioloji və klinik əlamətlər oxşardır.

 

İnvaziv uşaq kardioloqu Elnur İmanov uşaqlarda çox rast gəlinən mitral qapaq xəstəlikləri barədə danışıb.

 

Həkim-kardioloq bildirib ki, qazanılmış qapaq xəstəliklərinin əksəriyyətinin mənşəyi revmatizm xəstəliyidir: “Revmatizmə inkişaf etmiş ölkələrdə nadir rast gəlinsə də, digər bölgələrdə geniş yayılıb. Revmatizm mənşəli ürək xəstəlikləri arasında, mitral qapaq darlığına hər 4 nəfərdən 3-də, aorta qapaq darlığına isə 4 nəfərdən 1-də rast gəlinir. Şükürlər olsun ki, Azərbaycanda vaxtında aparılan vaksinasiya tədbirləri, stasionar və poliklinika nəzarətləri nəticəsində revmatizmdən əziyyət çəkənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Müşahidələrə əsasən, ölkədə qazanılmış mitral qapaq xəstəliklərindən əziyyət çəkənlərin də sayında ciddi azalma müşahidə edilir, hətta belə xəstələrə, demək olar ki, rast gəlinmir. Ümumiyyətlə revmatizm mənşəli mitral qapaq xəstəlikləri uşaqlarda nadir hallarda yaranır. Çünki xəstəliyin yaranması üçün ilk revmatik zədədən təxminən 5-10 il vaxt keçməlidir. Lakin revmatik qızdırmanın sıx müşahidə edildiyi bölgələrdə yetkinlər arasında revmatizm mənşəli mitral qapaq darlığı geniş yayılıb. Revmatik mitral darlığın patoloji əlaməti tayların qalınlaşması, komisuraların (birləşmə yeri) yapışmasıdır. Bunun nəticəsində, qapaqların hərəkətsizliyi baş verir. Bu da öz növbəsində LA genişlənmə, PA hipertoniyasına səbəb olur”.

 

E.İmanov mitral qapaq darlığının əlamətləri və müalicəsi barədə məlumat verərək söyləyib: “Xəstəlik yüngül olduqda asimptomatikdir. Ağır mitral qapanma isə kiçik yaşlı uşaqlarda nəfəs darlığı və böyümə geriliyi, nisbətən böyüklərdə isə dispnoe ilə müşayiət olunur. Yüngül və ya orta dərəcəli mitral darlıqdan əziyyət çəkənlərə digoksin və diuretiklər təyin edilir. Təkrarlanan ağciyər infeksiyası və inkişaf geriliyi olan kiçik yaşlı uşaqlarda qapağın balonla dilatasiyası həyata keçirilir. Xəstəliyi ağırlaşmış şəxslərə isə antibiotiklər məsləhət görülür. Təkrarlanan revmatik qızdırma zamanı penisillin və sulfanilamid ilə müalicə mümkündür. Balonla dilatasiyadan fayda görməyən xəstələr isə təcili olaraq cərrahi əməliyyata alınırlar. Mitral qapaq darlığı olduğu kimi çatışmazlığı da əsasən anadangəlmədir. Mitral çatışmazlığa mitral darlıqla müqayisədə daha çox rast gəlinir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev