Ağlamamaq insanın daxildə hansı narahatlıqlara səbəb olur? - Psixosomatoloq izah etdi
26.06.2026 12:33

Psixosomatoloq uzun illər ifadə olunmayan emosiyalarla boğazda düyün hissi arasında mümkün əlaqəni izah edib.

Bir çoxumuz həyatımızda ən azı bir dəfə "Yadıma düşən kimi boğazım düyünlənir" ifadəsini işlətmiş və ya eşitmişik. Psixosomatoloq və psixi sağlamlıq üzrə mütəxəssis Yelena Verşininanın sözlərinə görə, bu, sadəcə bədii ifadə deyil. Belə hiss güclü emosional sarsıntılar və uzun müddət basdırılmış duyğular nəticəsində orqanizmin verdiyi reaksiyalardan biri ola bilər.

Aztibb.az "Life" portalına istinadən yazır ki, mütəxəssis qəzəb, inciklik, məyusluq, qorxu və ya dərin kədər kimi hisslər sinir sistemində mürəkkəb reaksiyalar yaratdığını bildirib. Orqanizm isə bu daxili gərginlikdən xilas olmağa çalışır.

Onun sözlərinə görə, bir çox insanlar uşaqlıqdan emosiyalarını gizlətməyə öyrədilib. Onlara ağlamağın ayıb və ya yolverilməz olduğu təlqin edildiyi üçün zaman keçdikcə hisslərini boğmağa və ağır emosiyaları açıq şəkildə yaşamağa imkan verməməyə alışırlar.

"Bu səbəbdən bir çox böyüklər mənfi emosiyalarını sağlam şəkildə ifadə etməyi bacarmırlar. Onlar bunu zəiflik əlaməti hesab edir, xoşagəlməz hisslərini sanki "udur" və heç nə baş verməmiş kimi davranırlar", – deyə psixosomatoloq qeyd edib.

Ekspert vurğulayıb ki, bəzi insanlar illərlə daxili gərginlik içində yaşasalar da, bunu adi hal kimi qəbul edirlər. Halbuki həmin vəziyyət boğazda düyün hissi də daxil olmaqla, real fiziki narahatlıqlarla müşayiət oluna bilər.

Verşininanın sözlərinə görə, bəzi hallarda bu əlamət boşanma, yaxın insanın itkisi, dərin inciklik və ya emosional baxımdan tam yaşanmamış digər ağır həyat hadisələri ilə əlaqəli ola bilər.

"İnsan uzun müddət öz hissləri haqqında danışmağı özünə qadağan edir və emosiyalarını daim nəzarətdə saxlayırsa, bədən buna müxtəlif yollarla reaksiya verə bilər. Bu reaksiyalardan biri də boğazda düyün hissinin yaranmasıdır", – deyə mütəxəssis bildirib.

Bununla belə, ekspert xüsusi olaraq vurğulayıb ki, boğazda düyün hissi heç də həmişə psixoloji səbəblərlə bağlı olmur.

Bu əlamət qalxanabənzər vəzin xəstəlikləri, mədə-bağırsaq sistemi pozğunluqları və digər sağlamlıq problemlərinin göstəricisi də ola bilər. Buna görə də belə bir şikayət yarandıqda ilk növbədə tibbi müayinədən keçmək və mümkün somatik xəstəlikləri istisna etmək vacibdir.

Əgər aparılan müayinələr nəticəsində fizioloji səbəb aşkar edilməzsə, insanın emosional vəziyyətinə diqqət yetirməsi və daxilində həll olunmamış hansı hisslərin qaldığını düşünməsi faydalı ola bilər.

Verşinina insanlara özlərinə səmimi şəkildə belə bir sual verməyi tövsiyə edir: "Mən hansı ağrını yaşamağa özümə icazə vermirəm?" Əgər bunun öhdəsindən təkbaşına gəlmək çətindirsə, yaxın insanla səmimi söhbət etmək, psixoloq və ya psixoterapevtə müraciət etmək, yaxud emosiyalar gündəliyi aparmaq kömək edə bilər.

Ekspertin fikrincə, göz yaşı zəifliyin əlaməti deyil. Əksinə, bu, orqanizmin daxili gərginliyi azaltmağa və emosional yüklənmənin öhdəsindən daha sağlam şəkildə gəlməyə kömək edən təbii reaksiyalarından biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır