Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları akademik mübadilə proqramı çərçivəsində Özbəkistan Respublikasının Daşkənd Dövlət Tibb Universitetində olublar.
Universitetdən Aztibb.az-a bildirilib ki, səfər müddətində ATU-nun Patologiya kafedrasının assistentləri və tibb üzrə üzrə fəlsəfə doktorları Arzu İbişova və Şəfəq Əliyeva Daşkənd Dövlət Tibb Universitetində tədris prosesində yaxından iştirak edərək, mühazirə və praktiki məşğələlər aparıblar.
A.İbişova tələbələr qarşısında şişlərin müasir təsnifatı və differensial diaqnostikası mövzularında məruzələrlə çıxış edib. Bununla yanaşı, keçirilən praktiki dərslərdə klinik hallar və patomorfoloji mövzular tələbələrlə birlikdə təhlil olunub və geniş müzakirələr aparılıb. Ş.Əliyeva isə iltihabi xəstəliklər və qan dövranının patologiyası (qan dövranı pozğunluqları) mövzularında praktiki dərslərdə iştirak edərək tələbələrlə müvafiq mövzuları müzakirə edib. Tədris və elmi fəaliyyətlə yanaşı, A.İbişova həm yerli özbəkistanlı tələbələrə, həm də universitetdə təhsil alan beynəlxalq və xarici tələbələrə Azərbaycan mədəniyyəti, tarixi və ölkələrimiz arasında tarixi bağı barədə də ətraflı məlumat verib. Beynəlxalq akademik mobillik proqramı iki ölkənin ali tibb müəssisələri arasında elmi-pedaqoji əlaqələrin möhkəmləndirilməsinə, tələbələrin dünyagörüşünün zənginləşdirilməsinə və müasir tədris təcrübəsinin bölüşülməsinə mühüm töhfə verib.

