Dəri altında yaranan şişliklər hər zaman adi sızanaq və ya çiban olmaya bilər.
Aztibb.az xəbər verir ki, cərrah-proktoloq və endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, belə törəmələrdən biri də embrional inkişaf dövründə toxumaların düzgün yerləşməməsi nəticəsində yaranan dermoid kistadır.
Dermoid kista tərkibində dəri və onun törəmələrinə aid strukturlar, o cümlədən tük follikulları və piy vəziləri ola bilən törəmədir. Bu kistalar bədənin müxtəlif nahiyələrində meydana çıxa və uzun müddət heç bir əlamət vermədən qala bilər.
Mütəxəssisin bildirdiyinə görə, bəzi hallarda dermoid kista iltihablaşaraq ağrı, qızartı və şişkinlik yarada, bununla da insanın gündəlik həyatında narahatlığa səbəb ola bilər.
Anar Əliyev belə şişliklər müşahidə edildikdə onların sıxılmasının və özbaşına müalicə edilməsinin düzgün olmadığını vurğulayır. Onun sözlərinə görə, törəmənin xarakterini müəyyənləşdirmək və düzgün müalicə yanaşmasını seçmək üçün mütəxəssis müayinəsi vacibdir.

