Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tələbə və rezidentlər üçün “Proqressivləşən Ossifikasiyaedici Fibrodisplaziya (FOP)” mövzusunda elmi-maarifləndirici tədbir keçiirlib.
Tədbirdə ATU-nun III Daxili xəstəliklər kafedrasının Revmatologiya ixtisası üzrə III kurs rezidenti Tamella Soltanlı mühazirə ilə çıxış edib. Natiq xəstəliyin etiopatogenezindən bəhs edərək bildirib ki, FOP ACVR1 genində baş verən mutasiya nəticəsində inkişaf edir və orqanizmdə skelet əzələlərinin, vətərlərin, bağların və digər yumşaq toxumaların tədricən sümük toxumasına çevrilməsi (heterotopik ossifikasiya) ilə xarakterizə olunur.
Çıxışda xəstəliyin klassik klinik gedişatı, kəskin alovlanma (flare-up) dövrləri, eləcə də pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə məhdudlaşdıran oynaq ankilozları, tənəffüs və ürək-damar sistemi fəsadları (torakal çatışmazlıq sindromu) ətraflı şəkildə şərh edilib. Həmçinin real klinik keys üzərindən xəstəliyin diaqnostikasında tez-tez rast gəlinən çətinliklərə və differensial diaqnostika məsələlərinə xüsusi yer ayırıb. Tədbirdə FOP-lu xəstələrin idarə olunması, kəskin alovlanma epizodları zamanı tətbiq edilən qlükokortikoid protokolları, travmalardan qorunma tədbirləri və FDA tərəfindən təsdiqlənmiş müasir hədəf terapiyası (Palovarotene) barədə beynəlxalq tövsiyələr dinləyicilərin diqqətinə çatdırılıb.
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah çərçivəsində nadir genetik xəstəliklər haqqında məlumatlılığın artırılması, erkən diaqnostikanın təşviqi və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması, DİM 4 – Keyfiyyətli təhsil məqsədi istiqamətində isə tələbə və rezidentlərin müasir elmi biliklərinin, klinik təfəkkürünün və peşəkar bacarıqlarının inkişafı baxımından əhəmiyyət daşıyır.

