Azərbaycan Tibb Universitetində (ATU) böyrək transplantasiyasının həyat keyfiyyətinə təsiri araşdırılıb. ATU-nun Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, Normal fiziologiya kafedrasının dosenti, tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılmış bu elmi tədqiqatın nəticələri nüfuzlu beynəlxalq “Experimental and Clinical Transplantation” jurnalında işıq üzü görüb.
Qeyd edək ki, bu araşdırma Azərbaycan populyasiyasında böyrək transplantasiyasından sonra kişilərin reproduktiv sağlamlığının bərpa dinamikasını öyrənən ilk sistemli elmi tədqiqatdır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) “Yaxşı səhiyyə və rifah” (DİM 3) hədəfinə mühüm töhfə verən bu araşdırma pasiyentlərin əməliyyatdan sonrakı həyat keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, “Məqsədlər naminə tərəfdaşlıq” (DİM 17) prinsiplərinə uyğun olaraq, elmi iş ATU ilə rəsmi əməkdaşlıq memorandumu olan DTX Hərbi Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzində yerinə yetirilib.

