Birinci tip şəkərli diabetin inkişafını gecikdirdiyi elmi tədqiqatlarla sübut edilmiş teplizumab preparatı ilk dəfə Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) çərçivəsində xəstəyə tətbiq olunub.
Aztibb.az "New England Journal of Medicine" nəşrindəı dərc olunan klinik tədqiqatın nəticələrinə diqqət çəkib.
Preparatın ilk dozasını Birmingem şəhərindəki Queen Elizabeth Hospitalda Şropşir qraflığından olan ailə həkimi, üç uşaq anası Annette Quilter qəbul edib.
Ona bu ilin yayında birinci tip şəkərli diabetin ikinci mərhələsi diaqnozu qoyulub. Bu mərhələdə xəstənin qanda şəkər səviyyəsi hələ insulin müalicəsinə ehtiyac yaradacaq həddə yüksəlməsə də, immun sistemi artıq mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinə hücum etməyə başlayır.
Teplizumab immun sisteminin bu hücumunu zəiflətməklə insulin istehsal edən hüceyrələrin fəaliyyətini daha uzun müddət qorumağa kömək edən anticisim əsaslı preparatdır. Dərman gündə bir dəfə, 30 dəqiqəlik venadaxili infuziya şəklində, ardıcıl 14 gün ərzində tətbiq olunur.
Böyük Britaniyada preparatın istifadəsi iyun ayında təsdiqlənib. O, birinci tip şəkərli diabetin ikinci mərhələsində olan 8 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.
Tədqiqata görə, teplizumab qəbul edən yüksək risk qrupuna daxil olan şəxslərdə insulin müalicəsinə başlama müddətinin median göstəricisi təxminən dörd il təşkil edib. Plasebo qəbul edənlərdə isə bu müddət təxminən iki il olub. Beləliklə, preparat xəstəliyin insulin müalicəsi tələb edən mərhələyə keçməsini orta hesabla iki il gecikdirib.
Məsləhətçi diabetoloq, doktor Danijela Tatoviç bildirib ki, ilk dəfədir birinci tip şəkərli diabetin insulin müalicəsi tələb edən mərhələyə keçməsini gecikdirə bilən müalicə üsulu mövcuddur.
Hazırda Böyük Britaniyada 400 minə yaxın insan birinci tip şəkərli diabetlə yaşayır. Mütəxəssislərin fikrincə, xəstəliyin inkişafının gecikdirilməsi insulin inyeksiyalarına ehtiyacın daha gec yaranması, gündəlik qan şəkəri nəzarətinin yaratdığı yükün azalması və hipoqlikemiya kimi təhlükəli halların riskinin aşağı salınması baxımından əhəmiyyətlidir.
Bununla belə, teplizumab artıq inkişaf etmiş birinci tip diabetin müalicəsi üçün deyil, xəstəliyin erkən mərhələsində olan şəxslərdə onun irəliləməsini gecikdirmək üçün nəzərdə tutulub. Bu mərhələnin müəyyənləşdirilməsi isə adətən qanda diabetlə əlaqəli autoanticisimlərin aşkarlanması üçün xüsusi analizlərin aparılmasını tələb edir.
Bu istiqamətdə Birmingemdə həyata keçirilən ELSA skrininq proqramı da diqqət çəkir. Proqram çərçivəsində uşaqların erkən müayinəsinin mümkünlüyü və əhəmiyyəti araşdırılır. Əldə olunan nəticələr Böyük Britaniyada birinci tip şəkərli diabetin erkən aşkarlanması üzrə daha geniş skrininq sisteminin yaradılması üçün zəmin formalaşdırır.

