Rəşad Şolanın ixtirası dünyada birinci oldu
18.11.2026 11:48

Bəzən bir insanın illərlə apardığı axtarış, düşüncə və zəhmət minlərlə insanın həyatına ümid işığı salır. Bu dəfə həmin ümidin arxasında azərbaycanlı uroloq-cərrah, tibb elmləri doktoru Rəşad Şolanın imzası var. Onun müəllifi olduğu yeni cərrahi metod İtaliyanın Florensiya şəhərində keçirilən SIU 2026 Dünya Konqresində ən yaxşı yeni texnologiya kimi qalib elan edilib.

 

Elmin sərhədləri yoxdur. Onun dili fərqli, məqsədi isə birdir: insan həyatını yaxşılaşdırmaq, ağrıları azaltmaq, çətinliklərə yeni həll yolları tapmaq. Azərbaycanlı həkim Rəşad Şolanın beynəlxalq tibb ictimaiyyətinin diqqətini çəkən uğuru da məhz bu ali məqsədin nəticəsidir.

 

İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq Urologiya Cəmiyyətinin (Société Internationale d’Urologie – SIU) 2026-cı il Dünya Konqresində Rəşad Şolan qadınlarda sidik kanalının daralmasının müalicəsi üçün müəllifi olduğu yeni cərrahi metodikanı təqdim edib. “Mosquito texnikası” adlandırılan bu üsulun indiyədək elmi ədəbiyyatda təsvir olunmadığı bildirilir. Bu, illərin tibbi təcrübəsinin, elmi axtarışların, peşəkar düşüncənin və insanlara daha yaxşı həyat bəxş etmək istəyinin beynəlxalq elmi platformada nümayişi idi.

 

Metodika konqres çərçivəsində keçirilən SANTU – Urologiyada Əlçatan Yeni Texnologiyalar Simpoziumunda müzakirəyə çıxarılıb. Rəşad Şolanın təqdim etdiyi üsulun yaxın dövr nəticələrinin olduqca ümidverici olduğu, müəllifin bildirdiyinə görə, uğur göstəricisinin 100 faizə yaxınlaşdığı qeyd edilib.

 

Ən böyük sevinc isə təqdimatın beynəlxalq səviyyədə aldığı qiymətləndirmə olub. SIU-nun təşkilat komitəsinin qərarı ilə azərbaycanlı həkim müəllifi olduğu metodika ilə BANTUC – Urologiyada Ən Yaxşı Əlçatan Yeni Texnologiyalar Müsabiqəsinin həm nominantı, həm də qalibi elan edilib.

 

Bu uğurun arxasında yalnız bir mükafat deyil, daha böyük məna dayanır. Çünki tibb elmi daim yenilənmə, araşdırma və cəsarətli addımlar tələb edir. Mövcud yanaşmalarla kifayətlənməyib yeni metod axtarmaq, onu praktikada tətbiq etmək və dünya mütəxəssislərinin müzakirəsinə çıxarmaq böyük məsuliyyət və peşəkarlıq tələb edir.

 

Rəşad Şolanın uğuru Azərbaycan tibbinin beynəlxalq elmi məkanda təmsil olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu uğur bir daha göstərir ki, Azərbaycan həkimlərinin elmi potensialı, təcrübəsi və yenilikçi düşüncəsi dünya miqyasında diqqət çəkə bilər.

 

Florensiyada qazanılan bu qələbə bir azərbaycanlı həkimin şəxsi uğurundan daha böyük məna ifadə edir. Bu, ağ xalatın arxasında dayanan zəhmətə, insan sağlamlığı naminə sərf olunan illərə, elmin gücünə və yeniliyə inamın təntənəsidir.

 

Bəzən bir kəşf, bir metod, bir cəsarətli elmi addım insanlara yeni ümid verir. Rəşad Şolanın “Mosquito texnikası” ilə qazandığı beynəlxalq uğur da məhz belə bir ümidin Azərbaycan imzası ilə dünya elminə təqdim olunmasıdır.

 

Qürurverici olan təkcə qalib gəlmək deyil, Azərbaycan adını dünya elminin nüfuzlu tribunalarından birində qalib kimi səsləndirməkdir!

 

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan” qəzeti

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma