Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu dünyada cəmi dörd ölkənin istehsal edə bildiyi, yerli imkanlar hesabına hazırlanmış ürək-ağciyər aparatının üç xəstəxanada ümumilikdə 57 xəstədə uğurla istifadə olunduğunu açıqlayıb.
Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, nazir sosial media hesabında Türkiyənin öz imkanları ilə hazırladığı ürək-ağciyər aparatının 57 xəstədə uğurla tətbiq edildiyini bildirib.
Kemal Memişoğlu “Türkiyə istehsal etdi: yerli texnologiya ilə 57 xəstəyə şəfa” başlıqlı paylaşımında qeyd edib:
“Dünyada cəmi dörd ölkənin istehsal edə bildiyi mühüm bir texnologiya sahəsində biz də varıq dedik. Tamamilə yerli imkanlarla istehsal etdiyimiz ürək-ağciyər aparatından üç xəstəxanamızda ümumilikdə 57 xəstənin müalicəsində uğurla istifadə edərək onların sağalma prosesinə töhfə verdik.
Mühəndislərimizin və həkimlərimizin birgə əməyi nəticəsində əldə etdiyimiz bu nailiyyət hamımız üçün qürur mənbəyidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə istehsal edən və səhiyyə sahəsində öz texnologiyalarını inkişaf etdirən Türkiyə naminə çalışmağa davam edəcəyik”.

