Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tibb təhsili üzrə eksperti, Ümumdünya Tibb Təhsili Federasiyasının akkreditasiya və qiymətləndirmə komandasının üzvü, regional səhiyyə və tibb təhsili sahəsində tanınmış mütəxəssis, professor Hossam Hamdynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə müasir tibb təhsilinin inkişaf tendensiyaları, innovativ kurikulumların hazırlanması, beynəlxalq rəqəmsal səhiyyə səriştələrinin formalaşdırılması, süni intellekt texnologiyalarının tədris prosesinə tətbiqi və gələcəyin səhiyyə mütəxəssislərinin hazırlanmasında bu texnologiyaların rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, tibb və rezidentura təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, rəqəmsal təhsil platformalarının imkanlarından səmərəli istifadə, eləcə də səriştəyə əsaslanan qiymətləndirmə modellərinin tətbiqi məsələləri diqqət mərkəzində olub.
Rektor Gəray Gəraybəyli qonaqlara ATU-da həyata keçirilən təhsil islahatları, akkreditasiya və qiymətləndirmə sahəsində görülən işlər, universitetin qarşıya qoyduğu strateji hədəflər barədə ətraflı məlumat verib. Professor beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və müasir təhsil modellərinin tətbiqinin tibb mütəxəssislərinin hazırlıq keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Professor Hossam Hamdy isə ATU ilə potensial əməkdaşlıq istiqamətlərinə toxunaraq, ənənəvi tədris yanaşmalarının müasir texnologiyalar əsasında təkmilləşdirilməsinin vacibliyini qeyd edib. O, süni intellekt əsaslı tibb təhsilinin inkişaf mexanizmləri, rəqəmsal platformaların tədrisdə artan rolu, tələbə və rezidentlərin peşəkar səriştələrinin gücləndirilməsi, həmçinin müasir qiymətləndirmə metodlarının tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
Nmayəndə heyətinin üzvü, ABŞ-nin qlobal rəqəmsal təhsil və beynəlxalq nəşriyyat sahəsində fəaliyyət göstərən “McGraw Hill” şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə akademik məsləhətçisi Nuri Karaca isə təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri, rəqəmsal təhsil ekosisteminin imkanları, tədris resursları və müasir texnologiyalara əsaslanan həlləri barədə məlumat verib. Nuri Karaca, həmçinin bu həllərin ali tibb təhsilində tətbiqi və ATU ilə potensial əməkdaşlıq imkanları haqqında fikirlərini təqdim edib.
Geniş müzakirələrlə davam edən görüşdə tibb təhsilində rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektin tədris imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin ATU-nun təhsil mühitinə inteqrasiyası istiqamətində əməkdaşlıq perspektivlərə toxunulub.
Eyni zamanda mümkün əməkdaşlıq istiqamətlərinin daha ətraflı araşdırılması, konkret fəaliyyət sahələrinin müəyyənləşdirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Bu çərçivədə, xüsusilə ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrası, eləcə də İnnovasiya və keyfiyyətin idarəolunması şöbəsi ilə əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

