Uşaq və yeniyetmələr arasında həyat tərzinin formalaşdırdığı zərərli vərdişlər, onların “ağ ölüm” adlandırılan ən ağır nəticəsi-narkotik vasitələrin istifadəsi və profilaktik olaraq bu istiqamətdə maarifləndirilmə işi müasir dövrdə qlobal və yerli səviyyədə ən ciddi tibbi, psixoloji və sosial problemlərdən biri hesab edilir. Çünki uşaqlar öz həyat tərzini seçməkdə passiv olur, onların həyat tərzi böyüdüyü mühit və valideynlərin həyat tərzi ilə müəyyən olunur. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə insanlarda baş verən xəstəliklərin 50%-i həyat tərzi ilə əlqədardır. Uşaq və yeniyetmələrdə sağlam həyat tərzinin formalaşdırılması ailənin, tədris müəssisələrinin müəllim və tibb heyətinin daim diqqətində olmalıdır.
Uşaq və yeniyetmələrin narkotik vasitələrin fəsadları barədə maarifləndirilməsi tibbi baxımdan yalnız məlumatın ötürülməsi deyil, həm də profilaktik olaraq uşaqların sağlamlığının mühafizəsi istiqamətində dinamik qoruyucu bir prosesdir. Bu prosesin uğurlu nəticəsi birbaşa verilən məlumatın uşağın yaşının ontogenetik inkişaf xüsusiyyətlərinə və koqnitiv inkişaf mərhələlərinə, düşüncə səviyyəsinə uyğun olmasından asılıdır. Təhsil müəssisələri uşaq və yeniyetmələrə sistemli, mərhələli və elmə əsaslanan biliklərin ötürülməsi, eyni zamanda uşağın davranışında və sosial münasibətlərində baş verən dəyişikliklərin müşahidə olunduğu ən əlverişli mühitdir.
Təhsilalanlar aldıqları biliklərin yayılmasında həm də "canlı informasiya daşıyıcıları" (informasiya multiplikatorları) rolunu da oynayırlar. Maarifləndirmə ayrı-ayrı epizodik mühazirələr şəklində deyil, mövcud fənlərin proqramlarına inteqrasiya olunmalıdır. Uşaq müəssisəsinin tibb heyəti isə tibbi maarifləndirmə zamanı narkotik vasitələrin özü, adı və ya istifadə yolları haqqında məlumat vermir, maarifləndirmə yalnız onun orqanizmə təsiri, sağlamlığa vurduğu zərərlər, dəhşətli fəsadlar və mühafizə yollarını əhatə edir. Tədris proqramı çərçivəsində həyata keçirilən bu model ikiqat müdafiə baryeri yaradır: mənimsədiyi elmi və tibbi bilik nəticəsində uşaq qarşılaşdığı riski düzgün qiymətləndirir, ondan imtina edir və informasiya daşıyıcısı kimi emosional şəkildə ailəyə gətirilən tibbi informasiya sayəsində valideynlər övladının davranışında və ya səhhətində yarana biləcək patoloji dəyişiklikləri vaxtında müəyyən edərək mütəxəssislərə (pediatr, narkoloq, psixoloq) müraciət edə bilirlər. Müəllim, məktəbin tibb heyəti və psixoloqu, valideyn və aidiyyəti qurumlar arasında əməkdaşlıq risklərin erkən müəyyənləşdirilməsi baxımından çox vacibdir.
Narkotik maddələrə maraq, ilk sınama və aludəçilik riskinin statistik və elmi baxımdan ən pik həddə çatdığı yaş intervalı 12-17 yaş (xüsusilə 14 – 16 yaş arası) dövrüdür. Bu mərhələdə riski artıran əsas bioloji amil beynin emosiya, yaddaş, motivasiya və əsas instinktlər mərkəzi olan limbik sistemin sürətlə inkişaf etməsi, lakin məntiqi mühakimə, qərar qəbuletmə, nəticəçıxarma və sosial davranışın tənzimlənməsinə cavabdeh olan prefrontal qabığın (məntiq mərkəzinin) inkişafının hələ tamamlanmamasıdır (25 yaşa qədər davam edir). Bu disbalans yeniyetmələrdə impulsivlik, riski dəyərləndirə bilməmək və yeni hislər axtarış meylini kəskin artırır. 10-12 yaş maraq dövrüdür. Bu yaşda uşaq hələ istifadə etmir, amma eşitdiyinə, gördüyünə qarşı maraq yaranır. Beyində həzz yaradan hissə artıq oyanır, amma qərar verən hissə hələ zəifdir.12-15 yaş ilk sınaq dövrüdür. Bu yaşda uşaq həmyaşıdlarının təsiri ilə ilk siqaret, veyp, spirt və ya otu sınaya bilər. Statistika göstərir ki, ilk sınaqların böyük hissəsi 13-15 yaş arasında baş verir. 15-17 yaş isə riskin pik həddə çatdığı dövrdür, ona görə ki bu yaşda müstəqillik, ailədən kənarda təhsil, gecə həyatı, məclislər, imtahan stressi, sevgi münasibətləri kimi təsir edən amillər artır. 18-25 yaş arası isə artıq asılılığın möhkəmləndiyi dövrdür, yəni yeniyetməlikdə başlayan vərdiş gənclik dövründə və yetkin yaşda xroniki hala keçir.
ÜST və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) birgə hazırladığı "Narkotik vasitələrin istifadəsinin qarşısının alınmasına dair Beynəlxalq Standartlar" (International Standards on Drug Use Prevention) adlı sənəddə effektiv profilaktik proqramların uğurlu olması üçün 3 vacib meyar vurğulanır:
1. Yaşa uyğunluq (Age-appropriate): proqram materialları və metodları hədəf qrupun xronoloji yaşına tam cavab verməlidir. Belə ki, azyaşlı uşaqlar üçün oyun əsaslı metodlar seçildiyi halda, yeniyetmələr üçün tənqidi təfəkkürü inkişaf etdirən müzakirələr effektiv hesab olunur.
2. İnkişaf səviyyəsinə uyğunluq (Developmentally appropriate): Uşaq və yeniyetmələrin yalnız yaşı deyil, həm də onların koqnitiv (idrak), emosional və sosial inkişaf mərhələləri nəzərə alınmalıdır. İnkişaf səviyyəsinə uyğun olmayan, ağır və ya çox bəsit proqramlar effektivliyini itirir.
3. Mədəniyyətə həssaslıq (Culturally sensitive): Profilaktik tədbirlər tətbiq olunduğu cəmiyyətin, etnik qrupun və ya icmanın dəyərlərinə, adət-ənənələrinə və dilinə hörmətlə yanaşılmalıdır. Bir ölkədə uğurlu olan proqram, mədəni fərqliliklər adaptasiya edilmədən başqa bir cəmiyyətdə eyni nəticəni verməyə bilər.
Bu yanaşma risk amillərini minimuma endirmək və fərdlərin (xüsusilə uşaq və gənclərin) psixoloji dözümlülüyünü artırmaq üçün ən mühüm elmi metodologiya hesab olunur.
Məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) keçirilən məşğələlərdə bu konsepsiyanın mahiyyəti və forması uşağın yaşına, koqnitiv (idrak) inkişaf xüsusiyyətlərinə uyğun adaptasiya olunmalıdır. Bu yaşda uşaqlarda mücərrəd (müstəqil) təfəkkür formalaşmayıb, təfəkkür əyani-obrazlıdır. Uşaq mürəkkəb tibbi terminləri, "narkotik" və ya "asılılıq" kimi anlayışları anlamaq iqtidarında deyil və bu yaşda belə sözləri işlətmək tibbi və psixoloji baxımdan yolverilməzdir. Məşğələ zamanı ("Ətraf aləmlə tanışlıq", "Fiziki tərbiyə", "Həyat fəaliyyətinin təhlükəsizliyi") uşağa öyrədilir ki, orqanizmə daxil olan hər şey (yemək, rəngli konfetlər, içki, dərman və s.) onun bədəninə təsir edir və naməlum, tanınmayan, tərkibi bilinməyən maddələr, rəngli həblər, yad şəxslərin verdiyi şirniyyatlar, içkilər bədəni zəiflədir və xəstələndirir. Dərman qəbulu yalnız həkim təyinatı və valideyn nəzarəti altında xeyirlidir, əks halda orqanizm üçün kəskin zərərli ola bilər. Uşaqlara tanımadıqları və ya yad insanlardan qida, içki, maddə təklifi gəldikdə imtina etmək və dərhal valideynə, tərbiyəçiyə xəbər vermək vərdişi aşılanır. Bu yaşda qorxulu şəkillər və ya iynə göstərmək fayda vermir, əksinə uşağı qorxudur. Buna görə də bağça yaşlı uşaqlar üçün bu model məhz "Sağlamlıq gigiyenası və özünüqoruma vərdişi" kimi təqdim olunmalıdır.
Ümumi təhsil müəssisələrində proqramın məzmunu üç yaş qruplarına müvafiq: ibtidai təhsil (I–IV siniflər), ümumi orta təhsil (V–IX siniflər) və tam orta təhsil (X–XI siniflər) üzrə fərqləndirilir.
İbtidai siniflərdə narkotik vasitələrin fəsadları barədə maarifləndirilmə tamamilə yaş xüsusiyyətlərinə uyğun, qorxu yaratmadan və tibbi-profilaktik prinsiplərə əsaslanmalıdır. Bu yaş qrupunda uşaqların qavrama qabiliyyəti və analitik təfəkkürü hələ tam formalaşmadığı üçün birbaşa "narkotik" sözündən və onun ağır fəsadlarından danışmaq uşaqlarda travma və ya lazımsız maraq yarada bilər, ona gorə də tibbi maarifləndirmə sağlamlıq, təhlükəsizlik, orqanizmin qorunması və "naməlum maddələrdən uzaq durmaq" konsepsiyası çərçivəsində aparılmalıdır. Tibbi baxımdan ən doğru "Sağlam bədəndə sağlam ruh olar” devizi altında aparılmalı, diqqət zərərli maddələrin adına deyil, öz orqanizmini qorumaq, sağlam qidalanmaq və təhlükəli situasiyalarda doğru qərar vermək bacarıqlarına yönəldilməlidir.
Ümumi orta təhsil səviyyəsində məktəblilərin narkotik vasitələrin fəsadları barədə tibbi baxımdan maarifləndirilməsi son dərəcə həssas yanaşma tələb edir. Bu yaş dövründə uşaqlar (10–15 yaş) həm kəskin fizioloji (hormonal dəyişikliklər) həm də psixoloji (özünüsübut, mühitə uyğunlaşma, maraq, riski qiymətləndirmənin zəifliyi) keçid dövrünü yaşadıqları üçün informasiya qorxu və ya maraq oyatmamalı, sırf elmi, obyektiv və yaşa uyğun formalaşdırılmalıdır. Çünki yeniyetmələr emosional mühakimələrə deyil, dəqiq faktlara daha çox inanırlar. Orqanizm üçün zərərli maddələrin orqanizmə (qan dövranı, ağciyərlər, yaddaş, diqqət) yetirdiyi zərərləri tibbi faktlarla izah olunmalıdır. Məktəb psixoloqları və tibb bacıları müntəzəm olaraq fərdi və qrup söhbətləri aparmalıdır. Tibbi maarifləndirmə onlara öz bədəninin, beyninin və gələcəyinin nə qədər dəyərli olduğunu elmi sübutlarla aşılamaqla həyata keçirilməli, psixoloji baxımdan müstəqil qərar vermə və "yox" demək bacarığı tibbi maarifləndirməyə inteqrasiya edilməlidir.
Tam orta təhsil səviyyəsində şagirdlərin narkotik vasitələrin fəsadları barədə tibbi baxımdan maarifləndirilməsi mühazirə xarakterli qorxutma metodlarından uzaq, elmi faktlara əsaslanan və interaktiv şəkildə aparılmalıdır. Bu yaş qrupundakı yeniyetmələr (15–17 yaş) müstəqil düşüncəyə malik olduqları üçün onlarla "qadağandır" dilində deyil, səbəb-nəticə əlaqələrini göstərən tibbi dildə danışmaq lazımdır. Maddə asılılığının bir "iradəsizlik" deyil, xəstəlik olduğu vurğulanmalıdır. Narkotiklərin ürək-damar sistemi (infarkt riski), qaraciyər (hepatit, sirroz) və sinir sistemində yaratdığı geridönməz fəsadlar tibbi şəkillər, qrafiklər və qısa videoçarxlar vasitəsilə nümayiş olunmalı, yaradılan anonim sual qutularına atılan suallar həkimlər tərəfindən tibbi baxımdan cavablandırılmalıdır. Tibbi maarifləndirmə yalnız maddənin zərərini anlatmaqla bitməməli, yeniyetmələrə stress, imtahan həyəcanı və ya depressiya zamanı narkotikə deyil, tibbi-psixoloji yardıma müraciət etməyin normal olduğu, dost mühitindən təzyiqlərə qarşı psixoloji müqavimət və qətiyyətli "Yox" demək bacarığı aşılanmalıdır.
Narkotik maddələrə maraq və aludəçilik ailə və sosial mühitə də əhəmiyyətli dərəcədə təsir edir. Ailə və sosial mühit bu riski azaldıb, artıra bilər - yeniyetmə üçün həmyaşıdlarının (dostlarının) fikri və etibarı ön plana keçir, dost qrupunun təsiri, qrupa daxil olmaq, zorakılığa məruz qalma, məktəbdə özünü tənha hiss etmə, sosial şəbəkələrdə maddələrin reklamı və gənclərin asudə vaxtlarını necə keçirməsi, "uşaq kimi görünməmək" və ya "cəsarətli" sayılmaq istəyi ilk maddə istifadəsinin ən əsas səbəbidir. Ailədə distress, valideyn-uşaq arasında açıq ünsiyyətin olmaması, uşağın problemini evdə danışa bilməməsi, həddindən artıq kontrol (avtoritar) və ya əksinə, tam laqeyd (permissiv) münasibət, evdə spirt və ya siqaret adi hal kimi qəbul edilirsə bunlar birbaşa riski müəyyənləşdirir.
Burada profilaktika uşaqların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, xəstəliklərin baş verməsi və yayılmasının qarşısının alınması, onların erkən aşkar olunması, inkişaf səbəbinin və şəraitinin müəyyən edilməsi istiqamətində aparılmalıdır. Çünki təhsil müəssisələrində uşaqların sağlamlığına təsir edən risk amillərinin yayılmasının aradan qaldırılması daha asandır.
Zöhrə İsmayılova, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru

