Azərbaycan Tibb Universiteti (ATU) Koreya Respublikasında keçirilən “2026 Traditional Korean Medicine Policy Training Program” adlı beynəlxalq proqramda təmsil olunub.
ATU-dan Aztibb.az-a bildirilib ki, Koreya Respublikasının Səhiyyə və Rifah Nazirliyinin ev sahibliyi və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutun (NIKOM) təşkilatçılığı ilə keçirilən proqramda universitetin II Daxili xəstəliklər kafedrasının əməkdaşı Ayan Məmmədova iştirak edib.
Səhiyyə siyasəti, elmi yanaşmalar və klinik təcrübə üzrə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunan tədbirdə çıxış edən A.Məmmədova Azərbaycan Tibb Universitetinin fəaliyyəti, tibb təhsilində tətbiq olunan yeniliklər, klinik fəaliyyət istiqamətləri və elmi nailiyyətləri barədə məlumat verib. Həmçinin beynəlxalq akademik əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin bu beynəlxalq platformada iştirakı universitetin beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və elmi əməkdaşlıq imkanlarının inkişafı baxımından əhəmiyyətlidir.

