21–23 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşəbbüsü ilə dəmir yolu vağzalında tibbi aksiya keçirilib.
Aztibb.az xəbər verir ki, aksiya çərçivəsində 250 pasiyent oftalmoloji müayinələrdən keçirilib. Müayinələr zamanı refraksiya patologiyaları, katarakta, quru göz sindromu və digər göz xəstəlikləri aşkarlanıb.
Aksiyanın əsas məqsədi əhaliyə yerində keyfiyyətli tibbi xidmət göstərmək, görmə sağlamlığı ilə bağlı maarifləndirmə işləri aparmaq və göz xəstəliklərinin erkən aşkarlanmasını təmin etmək olub.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Nərgiz Əhmədova, Aynur Ağayeva, Nuranə Ələkbərova və Fidan Nağıyeva, eləcə də həkim-rezidentlər Aytən İbadova, Könül Qəhrəmanova və Amina Abdullayeva tərəfindən aparılıb.
Aksiyada, həmçinin, Mərkəzin “Elmi-məlumat və təşkilati-metodik” bölməsinin müdiri, tibb elmləri doktoru Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak ediblər.

