Dodaq uçuğuna səbəb olan herpes simplex virusunun 1-ci tipi (HSV-1) beynin immun hüceyrələrində dəyişikliklərə səbəb ola bilər. PLOS Pathogens jurnalında dərc olunan tədqiqatın nəticələri virusun beyin sağlamlığı və iltihabi proseslərlə mümkün əlaqəsinə dair yeni suallar doğurur.
Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, ABŞ-ın Kolorado Universitetinin Anschutz Tibb Kampusunda Kristi Nimeyer və həmkarlarının rəhbərliyi ilə aparılan araşdırmada siçanlar virusla yoluxdurulub. Altı gün sonra onların beyin toxumaları tədqiq edilib.
Nəticələr göstərib ki, virus bəzi mikroqliya hüceyrələrində antiviral müdafiəni aktivləşdirib. Bununla yanaşı, hüceyrələrin normal fəaliyyətini və beyin toxumalarının sağlamlığını qorumağa kömək edən bəzi genlərin aktivliyi azalıb. Oxşar dəyişikliklər beyinə qandan daxil olan makrofaq adlanan immun hüceyrələrində də müşahidə edilib.
Tədqiqatçılar bu dəyişikliklərin zərərli maddələrin beyindən təmizlənməsinə təsir göstərə biləcəyini ehtimal edirlər. Lakin araşdırmada həmin prosesin həqiqətən zəiflədiyi sübut olunmayıb.
HSV-1 virusu yoluxmadan sonra sinir hüceyrələrində ömürboyu qala və müəyyən hallarda yenidən aktivləşə bilər. Nadir hallarda isə ensefalitə — beynin ciddi iltihabına səbəb olur.
Alimlər qeyd edirlər ki, mikroqliya hüceyrələrinin fəaliyyətindəki dəyişikliklər əvvəllər Alzheimer xəstəliyi ilə də əlaqələndirilib. Bununla belə, tədqiqat HSV-1 virusunun Alzheimer xəstəliyinə səbəb olduğunu sübut etmir.
Araşdırmanın siçanlar üzərində və məhdud sayda nümunələrlə aparılması nəticələrin insanlara şamil edilməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir. Alimlər indi virusun təkrar aktivləşməsinin beyin sağlamlığına uzunmüddətli təsirlərini öyrənməyi planlaşdırırlar.

