Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 15:33

Yaponiyada 8 yaşlı J-Pop ulduzu Hirata Runa, səhnədə çıxış etdikdən cəmi bir neçə gün sonra qripin ağırlaşması nəticəsində inkişaf edən miokardit səbəbilə həyatını itirib.

Luna-chan kimi tanınan Hirata Runa Yaponiyanın Naqoya şəhərində fəaliyyət göstərən DIANNA project qız qrupunun üzvü və pop ulduzu olmaq üçün hazırlıq keçən azyaşlı ifaçı olub. Agentliyinin məlumatına görə, onun ölümünə qripdən sonra yaranan miokardit səbəb olub. Ailəsi isə 8 yaşlı qızın cümə günü səhər saat 4 radələrində “sakit şəkildə dünyasını dəyişdiyini” açıqlayıb.

Aztibb.az "Life" portalına istinadən yazır ki, bu faciəli hadisə miokarditin hətta uşaqlarda belə həyati təhlükə yarada biləcəyini bir daha gündəmə gətirib. Miokardit ürək əzələsinin – miokardın iltihabıdır və ağır hallarda ürək çatışmazlığına, hətta ürəyin dayanmasına səbəb ola bilər. Bu barədə həkim-terapevt Andrey Zvonkov bildirib.

Həkimin sözlərinə görə, ürək əsasən üç mühüm toxumadan ibarətdir: perikard – ürəyin xarici qişası, miokard – ürəyin öz əzələsi və endokard – ürək boşluqlarının daxili səthini örtən qişa. Bu toxumaların hər birində iltihabi proses yarana bilər. Endokardit zamanı tromblar və toxuma ödemi meydana gələ, perikardit zamanı qişaların bir-birinə sürtünməsi ağrıya səbəb ola bilər. Miokard zədələndikdə isə ürək əzələsinin yığılma qabiliyyəti zəifləyir.

Həkimin izahına əsasən, ürəyin fəaliyyətini qiymətləndirən əsas göstəricilərdən biri atım fraksiyasıdır. Bu, sol mədəciyin hər yığılma zamanı aortaya ötürdüyü qanın həcmidir. Miokardın yığılma qabiliyyəti zəiflədikdə ürəyin qanı lazımi səviyyədə pompalaması çətinləşir və nəticədə ürək çatışmazlığı inkişaf edə bilər.

Xəstəlik ağırlaşdıqda ürəyin qanı dövriyyəyə ötürmə qabiliyyətinin kəskin azalması ağciyər qan dövranında qanın durğunlaşmasına və ağciyər ödeminə gətirib çıxara bilər. Sol mədəciyin sağ mədəcikdən daha güclü olmasının səbəbi də onun qanı bütün orqanizmə – böyük qan dövranına ötürməsidir.

Miokardit yalnız müəyyən yaş qrupuna xas xəstəlik deyil. Həkimin sözlərinə görə, xəstəlik istənilən yaşda inkişaf edə və kəskin, xroniki və ya ləng gedişli formada keçə bilər. Onun yaranmasına virus və bakterial infeksiyalar, eləcə də immun sisteminin orqanizmin öz toxumalarına hücum etdiyi autoimmun proseslər səbəb ola bilər. Məsələn, revmatizm zamanı streptokoka qarşı yaranan immun cavab ürəyin birləşdirici toxumasını zədələyə bilər. Sepsis zamanı isə bakteriyalar qan dövranı vasitəsilə ürək əzələsinə çata bilər. Miokard infarktından sonra da immun sisteminin zədələnmiş ürək hüceyrələrinə reaksiyası nəticəsində iltihabi proses yarana bilər.

Həkim xüsusilə uşaqlarda bu xəstəliyin təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, 8 yaşlı uşaqda miokardit ürəyin dayanmasına səbəb ola bilər. Ürəyin avtomatizmi və normal elektrik keçiriciliyi iltihab nəticəsində pozulduqda, hətta elektrik stimulyasiyası ilə ürək fəaliyyətini bərpa etmək də hər zaman mümkün olmur.

Hirata Runanın ölümü də məhz bu baxımdan diqqət çəkir. Səkkiz yaşlı ulduz ölümündən cəmi bir neçə gün əvvəl səhnədə çıxış edib, lakin agentliyinin açıqlamasına görə, qripdən sonra inkişaf edən miokardit onun ürəyində ölümcül ağırlaşmaya səbəb olub. Bu hadisə adi görünən respirator infeksiyalardan sonra yaranan bəzi ağırlaşmaların nə qədər ciddi ola biləcəyini göstərən faciəli nümunə kimi qiymətləndirilir.

Runa ilə bağlı ölüm xəbəri yayıldıqdan sonra sosial şəbəkələrdə çoxsaylı başsağlığı mesajları paylaşılıb. Onun həmkarlarından biri olan pop ulduzu namizədi Miyata Ryoka ölüm xəbərinin onu söz tapa bilməyəcək qədər sarsıtdığını bildirib. Ailə isə insanlardan şəxsi araşdırma aparmamağı, müsahibə tələb etməməyi və məsələ ilə bağlı sosial şəbəkələrdə suallar qaldırmamağı xahiş edib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?