Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nabranda yerləşən “Təbib” İdman-Sağlamlıq Düşərgəsində 2016–2026-cı illər ərzində həyata keçirilən fəaliyyətin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, konfransda düşərgənin son onillikdə keçdiyi inkişaf yolu, həyata keçirilən əsaslı yenidənqurma, təmir və abadlıq işləri, universitet əməkdaşları və tələbələr üçün yaradılan müasir istirahət şəraiti, eləcə də qarşıdakı illər üzrə inkişaf perspektivləri ətraflı müzakirə olunub.
ATU Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov hesabat çıxışında düşərgənin 2016–2026-cı illər ərzində keçdiyi inkişaf mərhələlərini təqdimat əsasında iştirakçıların diqqətinə çatdırıb. O, düşərgənin əvvəlki və hazırkı vəziyyətini əks etdirən görüntüləri müqayisəli şəkildə nümayiş etdirərək, son on il ərzində görülmüş işlərin miqyasını və nəticələrini təqdim edib. Qeyd olunub ki, bu müddət ərzində ərazidə mərhələli şəkildə yenidənqurma, təmir, abadlıq və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Bütün bu tədbirlər, ilk növbədə, universitet əməkdaşlarının istirahət imkanlarının genişləndirilməsinə, düşərgədə xidmət səviyyəsinin yüksəldilməsinə və tələbələr üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edib.
Hesabatda düşərgənin növbəti inkişaf mərhələsi ilə bağlı nəzərdə tutulan layihələrdən də bəhs edilib. Belə ki, 2027-ci ildə yeməkxananın yaxınlığında əməkdaşlar üçün ikiotaqlı yaşayış evinin inşası, 2028-ci ildə II korpusun əsaslı təmiri, 2029-cu ildə konfrans zalının yaradılması, 2030-cu ildə isə müasir hovuzun tikintisi planlaşdırılır. Layihələrin reallaşdırılması ilə düşərgənin yalnız istirahət məkanı kimi deyil, həm də universitetin elmi, ictimai və korporativ tədbirlərinin keçirildiyi çoxfunksiyalı mərkəzə çevrilməsi hədəflənir. Gələcəkdə universitet miqyaslı mühüm tədbirlərin, eləcə də qış mövsümündə əməkdaşlar üçün iki günlük istirahət proqramlarının burada təşkili nəzərdə tutulur.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsi və onların səmərəli istirahətinin təşkili baxımından düşərgənin xüsusi əhəmiyyət daşımasına diqqət çəkib. Düşərgənin universitetin mülkiyyətində saxlanılması istiqamətində vaxtilə görülmüş işlərə də toxunan rektor son on ildə burada həyata keçirilən yenidənqurma və abadlıq tədbirlərinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını vurğulayıb. Professor gələcəkdə düşərgənin elmi konfransların, beynəlxalq qonaqlarla görüşlərin və digər universitet tədbirlərinin keçirilməsi üçün də geniş imkanlar yaradacağını bildirib.
Gəray Gəraybəyli görülən işlərə və düşərgənin inkişafına verdiyi töhfələrə görə Cahangir Qasımova və onun komandasına təşəkkürünü bildirib. Universitetin ictimai həyatında fəal iştirakına və uzunmüddətli səmərəli əməyinə görə Cahangir Qasımov rektor tərəfindən “Fəxri fərman”la təltif olunub.
Konfrans çərçivəsində “Təbib” İdman-Sağlamlıq Düşərgəsində müxtəlif vaxtlarda istirahət etmiş universitet əməkdaşlarının təəssüratlarını əks etdirən videoçarx da nümayiş etdirilib. Videoçarx iştirakçılara düşərgədə yaradılmış şəraiti və burada formalaşmış xoş istirahət mühitini əməkdaşların öz təəssüratları vasitəsilə təqdim edib.
ATU-nun İnsan anatomiyası kafedrasının məsləhətçi professoru Vaqif Şadlinski isə çıxışında düşərgənin yaranma tarixi, formalaşması və inkişaf mərhələləri ilə bağlı xatirələrini bölüşüb. O, bu məkanın universitet kollektivi üçün yalnız istirahət obyekti deyil, həm də əməkdaşlar arasında ünsiyyətin, həmrəyliyin və kollektiv ruhun möhkəmlənməsinə xidmət edən mühüm sosial məkan olduğunu vurğulayıb. Professor düşərgənin qorunub saxlanılması və gələcək nəsillər üçün daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli də düşərgədə yaradılmış şəraiti, sanitar-gigiyenik normalara riayət olunmasını, yeməkxananın fəaliyyətini və ərazidə aparılan abadlıq işlərini yüksək qiymətləndirib. O, bu cür istirahət məkanlarının əməkdaşların sağlamlığının qorunması, fiziki və mənəvi baxımdan bərpası, iş səmərəliliyinin artırılması baxımından mühüm rol oynadığını bildirib.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova isə həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən bəhs edib. Sədr qeyd edib ki, bu prioritetlər sırasında əməkdaşların əmək və sosial hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin təmin edilməsi və layiqli istirahət imkanlarının yaradılması yer alır. ATU məzunu olduğunu xüsusi vurğulayan Elnarə Muradova düşərgədə aparılan yenilənmə işlərini və yaradılmış şəraiti yüksək dəyərləndirib, bu istiqamətdə göstərilən diqqətə görə universitet rəhbərliyinə, Cahangir Qasımova və kollektivə minnətdarlığını bildirib.
Bütün çıxışlarda düşərgənin inkişafı, universitetin əməkdaşlara sosial dəstək siyasəti, sağlam həyat tərzinin təşviqi və kollektiv həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyi kimi mühüm istiqamətlər vurğulanıb.
Ümumilikdə, hesabat konfransı “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin son onillikdə əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi, həyata keçirilən layihələrin nəticələrinin təhlili və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

