Nevrologiya mütəxəssisi dosent Dr. Gizem Gürsoy miqrenin sadəcə adi bir baş ağrısı olmadığını vurğulayaraq, müalicəsi gecikdirilən halların "xroniki miqrenə" çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Aztibb.az “CNN Türk”ə istinadən yazır ki, dünyada ən ciddi xalq sağlığı problemlərindən biri hesab olunan bu xəstəliklə mübarizədə pasiyentlərin öz fərdi tətikləyici amillərini tanıması həlledici rol oynayır. Yuxu rejiminin pozulması, qida qəbulunu ötürmək, susuz qalmaq, gərgin stress, hormonal dəyişikliklər, eləcə də kofeinli içkilərin həddindən artıq qəbulu və ya kofein qəbulunun qəfildən dayandırılması miqren tutmalarına (ataklarına) yol açan əsas faktorlardır. Bundan başqa, bəzi pendir növləri, emal olunmuş ət məhsulları, mayalı qidalar və qatqı maddələri olan qablaşdırılmış məhsullar da fərdi qaydada tutmaları stimullaşdıra bilər. Miqren dünyada milyonlarla insanın həyatına təsir edən, iş və sosial mühitdə ciddi itkilərə səbəb olan nevroloji xəstəliklərin başında gəlir. Qadınlarda kişilərə nisbətən təxminən üç dəfə daha tez-tez rast gəlinən bu patologiya tək ağrı ilə məhdudlaşmır; o, eyni zamanda bulantı, qusma, işığa və səsə qarşı həssaslıq, qoxu duyğusunun kəskinləşməsi, başgicəllənmə və diqqət dağınıqlığı kimi simptomlarla müşayiət olunur. Bəzi xəstələrdə isə ağrı başlamazdan əvvəl "aura" adlandırılan vizual və ya sensor xəbərdaredici əlamətlər də özünü göstərir.
Xəstəlik xüsusilə gənc və orta yaş qrupunda yayılsa da, uşaqlarda da ortaya çıxa bilir. Uşaqlıq dövrünün miqren tutmaları böyüklərdən fərqli olaraq çox vaxt ikitərəfli hiss olunur və daha qısamüddətli olur; bu səbəbdən valideynlər tərəfindən fərq edilməsi gecikir və ya başqa səbəblərlə əlaqələndirilir. Cəmiyyətdə miqrenin geniş yayılmasına baxmayaraq, xəstələrin böyük hissəsinin diaqnoz almaması və ya düzgün müalicəyə çatımlılığının olmaması xəstəliyin xroniki formaya keçməsinə zəmin yaradır. Tibbi baxımdan xroniki miqren ay ərzində ən azı 15 gün baş ağrısının yaşanması və bu ağrıların minimum 8 günündə birbaşa miqren spesifikasının müşahidə edilməsi kimi xarakterizə olunur. Müalicənin gecikdirilməsi fərdin təhsil və iş həyatına, eləcə də sosial münasibətlərinə ağır zərbə vurur.
Xəstəliyin yaratdığı işçi qüvvəsi itkisi, işə və ya dərsə davamiyyətsizlik, performansın düşməsi və tibbi xidmətlərdən istifadənin artması həm fərdlər, həm də cəmiyyət üçün böyük iqtisadi yük yaradır. Dünyada miqren, əlilliklə və ya funksional məhdudiyyətlə keçən ömür illərinin ən mühüm səbəblərindən biri sayılır. Bu çətinlikləri azaltmaq üçün işəgötürənlərin və əməkdaşların maarifləndirilməsini hədəfləyən "Miqren Dostu İş Yeri" korporativ layihələrinin genişləndirilməsi həm işçi sağlamlığı, həm də müəssisələrin məhsuldarlığı baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda miqrenin idarə olunmasında olduqdurca effektiv müalicə seçimləri mövcuddur; görünməz, lakin təsirləri son dərəcə real olan bu xəstəlik qarşısında vaxtında maarifləndirmə, düzgün diaqnostika və fərdi müalicə yanaşması vasitəsilə xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

