Cərrah doğuşdan sonra diastazın müalicəsi barədə danışıb - Diastaz hər zaman əməliyyat tələb etmir
31.08.2026 09:31

Hamiləlikdən sonra qarının düz əzələləri arasında yaranan diastaz hər zaman cərrahi müalicə tələb etmir. Bir çox hallarda düzgün seçilmiş fiziki məşqlər vasitəsilə bərpa mümkündür. Lakin dəyişikliklər ifadəli olduqda və müxtəlif şikayətlər müşahidə edildikdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər.

Aztibb.az “İzvestiya”ya nəşrinə istinadən yazır ki, plastik cərrahı Yevgeniya İlyinanın sözlərinə görə, diastaz hamiləlik zamanı birləşdirici toxumanın dartılması nəticəsində qarının düz əzələlərinin orta xətt boyunca bir-birindən aralanması ilə yaranır. Bu vəziyyət öz-özlüyündə hər zaman xəstəlik hesab olunmur və bütün hallarda cərrahi korreksiya tələb etmir.

Doğuşdan sonra əzələlər arasında cüzi aralanma qalırsa, lakin qarında nəzərəçarpan qabarmalar, ağrı, gövdədə qeyri-sabitlik hissi və ya digər şikayətlər yoxdursa, adətən müalicəyə konservativ bərpa üsulları ilə başlanılır.

Bu prosesdə qarın ön divarı əzələlərinin bərpası və düzgün fiziki yük mühüm rol oynayır. İlyina qeyd edib ki, müalicəvi bədən tərbiyəsi (MBT) həkimi və ya fizioterapevtlə məşğələlər qarın daxili təzyiqi həddindən artıq artırmadan kor əzələlərini gücləndirən məşqlərin seçilməsinə kömək edir.

Həkim eyni zamanda vurğulayıb ki, doğuşdan sonra qarının qabarması hər zaman yalnız diastazla əlaqəli olmur. Qarının xarici görünüşünə dərinin və dərialtı piy toxumasının artıqlığı, əzələlərin vəziyyəti, duruş və digər amillər də təsir göstərə bilər.

Cərrahi müalicə fərdi qaydada müəyyənləşdirilir. İlyinanın sözlərinə görə, bərpa tədbirlərinə baxmayaraq davam edən və funksional və ya estetik şikayətlərlə müşayiət olunan ifadəli diastaz cərrahi müdaxilə üçün mümkün göstərişlərdən biri ola bilər.

Diastaz qarın nahiyəsində dərinin və toxumaların nəzərəçarpacaq dərəcədə artıqlığı ilə müşayiət olunduqda da əməliyyat məsələsi nəzərdən keçirilə bilər. Belə hallarda diastazın tikilməsi ilə birlikdə abdominoplastika həyata keçirilə bilər. Problem əsasən əzələlərin ayrılması ilə bağlıdırsa və dəridə ciddi artıqlıq yoxdursa, həkim digər cərrahi korreksiya üsullarını nəzərdən keçirə bilər.

Mütəxəssis qarın ön divarının yırtıqlarının diaqnostikasına da xüsusi diqqət yetirməyi tövsiyə edir. Göbək nahiyəsində və ya qarının orta xətti boyunca yaranan qabartı hər zaman diastazın əlaməti olmur və əlavə müayinə tələb edə bilər.

Doğuşdan sonra əməliyyata tələsmək məsləhət deyil. Orqanizmin bərpa olunması üçün vaxt lazımdır və hamiləlikdən sonrakı ilk aylarda qarın ön divarının vəziyyəti dəyişə bilər.

Növbəti hamiləlik planlaşdırılırsa, cərrahi korreksiya məsələsi həkimlə fərdi qaydada müzakirə edilməlidir. Yeni hamiləlik toxumaların vəziyyətinə və əməliyyatın nəticəsinə yenidən təsir göstərə bilər.

Mütəxəssis həmçinin diastazın dərəcəsini yalnız qarının xarici görünüşünə əsasən müstəqil qiymətləndirməməyi və yalnız əzələlər arasındakı məsafəyə əsaslanmamağı tövsiyə edir. Burada təkcə aralanmanın ölçüsü deyil, toxumaların vəziyyəti, qabartıların, yırtıqların, funksional pozğunluqların və digər şikayətlərin olub-olmaması da nəzərə alınmalıdır.

Doğuşdan sonra qarında nəzərəçarpacaq qabartı qalırsa, ağrı yaranırsa, fiziki yük zamanı diskomfort və ya gövdə əzələlərində zəiflik hiss edilirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Əməliyyata ehtiyac əzələlər arasındakı məsafənin konkret rəqəmi ilə deyil, göstərişlərin məcmusu ilə müəyyən edilir. Cərrahın əyani müayinəsi və zərurət olduqda əlavə müayinələr cərrahi korreksiyaya ehtiyacın olub-olmadığını və hansı metodun optimal olduğunu müəyyənləşdirməyə imkan verir.

ÇOX OXUNANLAR
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı my.gov.az portalı üzərindən aparılacaq
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Qəbul imtahanında 700 bal toplayan Sumqayıt məktəblisi Azərbaycan Tibb Universitetini seçib
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Şəkidə növbəti səyyar oftalmoloji aksiya təşkil edilib
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb