Dərs ilinin əvvəlində uşaqlar bir neçə dəyişikliklə üzləşir - Nevroloq səbəblərini açıqladı
01.09.2026 12:14

Dərs ilinin əvvəlində məktəblilərdə yeni rejimə uyğunlaşma, dərs yükünün artması və sosial mühitdəki dəyişikliklər səbəbindən əhval-ruhiyyə və davranışda dəyişikliklər müşahidə oluna bilər. Bu dövrdə narahatlıq həmişə birbaşa özünü göstərmir. O, əsəbilik, səhhətlə bağlı şikayətlər və ya dərsə getmək istəməmək formasında özünü göstərə bilər.

Aztibb.az “İzvestiya” qəzetinə istinadən yazır ki, uşaq nevroloqu Natalya Stepanenkonun sözlərinə görə, sentyabr ayında uşaq eyni vaxtda bir neçə dəyişikliklə üzləşir: daha erkən oyanmalı, yeni gündəlik rejimə əməl etməli, daha çox məcburi tapşırıqları yerinə yetirməli, müəllimlərin tələblərinə uyğunlaşmalı və kollektivlə ünsiyyət qurmalıdır.

Hətta məktəbli dostları ilə görüşməyə və dərslərin başlamasına sevinsə belə, həyat tərzindəki bu dəyişiklik özü gərginlik mənbəyinə çevrilə bilər. Nəticədə narahatlıq, əsəbilik, ağlağanlıq və ya əhval-ruhiyyənin tez-tez dəyişməsi meydana çıxa bilər.

“Uyğunlaşma xüsusilə birinci sinfə gedən, yeni məktəbə keçən və ya yeni kollektivə düşən uşaqlar üçün çətin keçir. Uşağın emosional vəziyyəti böyük ölçüdə onun qarşıda nələrin gözlədiyini və ehtiyac yarandıqda kimdən kömək ala biləcəyini nə dərəcədə anlamasından asılıdır. Belə vəziyyətlərdə davranış çox vaxt uşağın hələ sözlə ifadə edə bilmədiyi çətinlikləri bildirmə üsuluna çevrilir”, – deyə Stepanenko bildirib.

Bununla belə, dərslərin ilk həftələrində emosional dəyişikliklər yeni vəziyyətə normal uyğunlaşma reaksiyası ola bilər. Əgər uşaq tədricən gündəlik rejimə alışır, oyunlara və ünsiyyətə marağını qoruyur, yuxu və iştahında pozuntu yaranmırsa, çox vaxt söhbət məhz uyğunlaşma dövründən gedir.

Stepanenkonun sözlərinə görə, burada əsas məqam simptomların müddəti və ifadə dərəcəsidir. Uşağın vəziyyəti tədricən yaxşılaşırsa, adətən ciddi narahatlıq üçün əsas daha az olur.

Dərnəklər və əlavə məşğələlər, məktəbə uzun yol, ev tapşırıqları və erkən oyanmaq da sinir sisteminə əlavə yük yarada bilər. Yorğun uşaq emosiyalarını idarə etməkdə, uğursuzluqların öhdəsindən gəlməkdə və münaqişələrə sakit reaksiya verməkdə daha çox çətinlik çəkir.

Həkimin sözlərinə görə, həddindən artıq yorğunluq səbəbindən məktəbdən sonra uşaqlarda əsəbilik tutmaları yarana bilər. Bu, hər zaman uşağın pis davranışına və ya xarakterinə işarə etmir, toplanmış yorğunluğun nəticəsi də ola bilər.

Həddindən artıq yüklənmiş dərs cədvəli və çoxsaylı əlavə məşğələlər də yuxunun keyfiyyətini və emosional vəziyyəti pisləşdirə bilər.

Ekspert qeyd edib ki, bəzən valideynlərin özləri də uşağın gərginliyini artırırlar. Məsələn, ondan dərhal sakitləşməsini tələb etmək, onu digər uşaqlarla müqayisə etmək və ya keçirdiyi hissləri əhəmiyyətsiz saymaq əlavə stress yarada bilər.

Bunun əvəzinə mütəxəssis uşağa onun hisslərinin görüldüyünü və qəbul edildiyini göstərməyi tövsiyə edir. Məsələn, sakit şəkildə “Görünür, hazırda sənin üçün çətindir” demək və daha sonra konkret vəziyyətin öhdəsindən gəlməyə nəyin kömək edə biləcəyini birlikdə müzakirə etmək olar.

Dərs ilinin ilk həftələrində yuxu, qidalanma və istirahət rejiminin sabit saxlanılması vacibdir. Məktəbdən sonra uşağa əlavə tələblər və nəticələrin qiymətləndirilməsi olmadan dincəlmək üçün vaxt verilməlidir.

Steponenko dərs ili başlayan kimi uşağın cədvəlinə çoxsaylı dərnək və əlavə məşğələlər daxil etməməyi məsləhət görür. Gəzintilər, sərbəst oyun və ailə ilə ünsiyyət də məktəb yükündən sonra bərpa olunmağa kömək edir.

Narahatlığı azaltmaq üçün sadə tədbirlər də faydalı ola bilər: çantanı axşamdan hazırlamaq, səhər üçün aydın plan qurmaq, məktəbə gedən marşrutu əvvəlcədən müəyyənləşdirmək və uşağın ehtiyac yarandıqda böyüklərdən kömək ala biləcəyinə əmin olması.

Bu cür hazırlıq uşağa vəziyyət üzərində nəzarət hissi yaradır və dərs ilinin başlanğıcı ilə bağlı gərginliyi azaltmağa kömək edə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub