“Bahar yorğunluğu” elmi olaraq sübut olunmayıb
22.05.2026 09:17

Qışdan yaza keçid dövründə bir çox insanın şikayət etdiyi “bahar yorğunluğu” həqiqətən mövcuddurmu? İsveçrədə 418 nəfərin iştirakı ilə aparılan araşdırma bunun sadəcə bir mif ola biləcəyini göstərib. Havanın isinməsi və təbiətin canlanması bəzi insanlar tərəfindən sevinc hissi ilə qarşılansa da, digərləri bu dövrdə özlərini halsız və yorğun hiss etdiklərini bildirirlər.

 

Aztibb.az "Deutsche Welle" nəşrinə istinadən yazır ki, bir çox insan yaz aylarının başlanğıcında yaranan yorğunluğu mövsüm dəyişikliyi ilə əlaqələndirsə də, İsveçrədə aparılan yeni tədqiqat bu fenomeni ətraflı şəkildə araşdırıb. University of Basel, universitetin psixiatriya klinikaları və Bern University Hospital tədqiqatçıları tərəfindən həyata keçirilən araşdırma gözlənilməz nəticə ortaya qoyub: “Bahar yorğunluğu” empirik olaraq təsdiqlənmir.

 

Kristine Blume bildirib ki, insanların yaz aylarında digər fəsillərlə müqayisədə ölçülə bilən səviyyədə daha yorğun və ya taqətsiz olduqlarını göstərən heç bir nəticə əldə edilməyib.

 

Onun sözlərinə görə, araşdırmanın başlanmasına səbəb jurnalistlərin hər qışın sonunda ondan mövsüm dəyişikliklərinin insan psixologiyasına təsiri barədə tez-tez fikir soruşmaları olub. Blume qeyd edib ki, indiyədək “bahar yorğunluğu”nun həqiqətən mövcud olub-olmaması ayrıca elmi şəkildə araşdırılmamışdı.

 

418 nəfərlə aparılan araşdırma

 

Tədqiqat çərçivəsində alimlər 2024-cü ilin iyul ayından başlayaraq bir il ərzində 418 iştirakçı ilə mütəmadi onlayn sorğular keçiriblər.

 

İştirakçılardan hər altı həftədən bir son dörd həftə ərzində özlərini nə dərəcədə yorğun hiss etdiklərini qiymətləndirmələri istənilib. Bununla yanaşı, gündüz yuxululuğu və yuxu keyfiyyəti barədə də məlumat toplanıb. Beləliklə, ilin bütün fəsilləri üzrə müqayisəli məlumat əldə olunub.

 

Araşdırmanın əvvəlində iştirakçıların təxminən yarısı “bahar yorğunluğu”ndan şikayət etdiyini bildirsə də, sonrakı nəticələr bunu təsdiqləməyib. Əgər belə bir bioloji fenomen mövcud olsaydı, fərqli mövsümlərdə toplanan məlumatlarda da bunun aydın şəkildə görünməsi lazım idi. Lakin belə olmayıb.

 

Orqanizmdə əslində nə baş verir?

 

Bəzi nəzəriyyələrə görə, havaların isinməsi damarların genişlənməsinə və arterial təzyiqin azalmasına səbəb olur, yaxud “qışdan qalan melatonin artıqlığı” yorğunluq yaradır. Lakin Christine Blume bu yanaşmaların xronobioloji baxımdan məntiqli olmadığını deyir.

 

Onun sözlərinə görə, melatonin orqanizmdə 24 saatlıq ritm üzrə davamlı şəkildə istehsal olunur və parçalanır. Buna görə də yazda aradan qalxmalı olan mövsümi “melatonin artıqlığı” anlayışı elmi baxımdan əsaslı deyil.

 

Blume vurğulayıb ki, əgər “bahar yorğunluğu” real bioloji fenomen olsaydı, orqanizmin uyğunlaşma mərhələsində bunun təsirləri müşahidə edilməli idi. Ancaq araşdırma nəticələrində nə günlərin uzanma tempi, nə də ayların dəyişməsi insanların hiss etdiyi yorğunluğa təsir göstərməyib.

 

Bəs insanlar niyə “bahar yorğunluğu”na inanır?

 

Tədqiqat müəllifləri hesab edirlər ki, bu anlayışın kökündə daha çox mədəni və psixoloji faktorlar dayanır.

 

K.Blume bildirib ki, “bahar yorğunluğu” anlayışının özü insanların öz hisslərini müəyyən formada şərh etməsinə təsir edir və bu da qavrayışı formalaşdırır.

 

Mütəxəssislərin fikrincə, psixoloji mexanizmlər də bu hissi gücləndirə bilər. Günəşli havalarda insanlardan daha enerjili və aktiv olmaları gözlənilir. Əgər həmin anda insan özünü yorğun hiss edirsə, bu vəziyyət daha çox diqqət çəkir.

 

K.Blume bunu “kognitiv ziddiyyət” adlandırır və qeyd edir ki, “bahar yorğunluğu” anlayışı insanların bu vəziyyəti izah etməsi üçün rahat psixoloji çərçivə yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır