Azərbaycanda allerqologiya və klinik immunologiyanın qısa tarixi - Birinci yazı
10.09.2023 12:51

Allergiyanın bir elm kimi yaranmasına səbəb olan əsas hadisələr keçən əsrin əvvəllərində baş verib. İlk dəfə “allergiya” terminini 1906-cı ildə avstriyalı pediatr Klemens fon Pirke tətbiq edərək, onu orqanizmin reaksiya vermək qabiliyyətinin qazanılmış spesifik dəyişikliyi kimi müəyyən edib və onun hiper və hiporeaktivlik formalarını ayırıb. Aşkar olunan fenomenin öyrənilməsi ayrıca bir elmin – allerqologiyanın yaranmasına səbəb olub.


Aztibb.az Azərbaycanda allerqologiya və klinik immunologiyanın tarixi, məqsədləri, inkişaf perspektivləri və bu istiqamətlərdə alimlərimizin xidmətləri haqqında yazını təqdim edir.


Allerqologiya elminin təşəkkülündə İ.İ.Meçnikov, A.M.Bezredka, L.A.Taraseviç, V.V. Podvsotskiy, N.N. Sirotinin, A.A. Boqomolets, P.F.Zbrodovski, V.İ.İoffe və digər rus alimləri böyük rol oynayıb. Allerqologiyanın inkişafına akademik A.D.Ado və onun məktəbinin davamçıları da daha böyük töhfə verib. 1961-ci ildə onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə allerqoloji kabinet, sonra isə SSRİ TEA-nın (Tibb Elmləri Akademiyası) nəzdində allerqoloji elmi tədqiqat laboratoriyası açılıb. Allergiyanın inkişafında həlledici rol 1982-ci ildə akademik R.V. Petrovun təşəbbüsü ilə İmmunoloqların Ümumittifaq Elmi Cəmiyyəti yaradılıb.


Allerqologiyanın Azərbaycanda inkişafı 20-ci əsrin 40-50-ci illərinə təsadüf edir. Onun əsasını professor T.Paşayev, S.Quliyeva, sonralar isə D.Təqdisi, Y.Məmmədov, S.Əliyev və digər görkəmli alim-patofizioloqlar qoyublar. Azərbaycanda allerqoloji xidmət 1967-ci ildə təşkil olunub. Azərbaycanda allerqoloqlar cəmiyyətinin banisi və ilk sədri professor P.D.Kats olub və respublikada ilk dəfə olaraq allerqoloji kabinet məhz onun rəhbərliyi altında 6 saylı Uşaq Klinik Xəstəxanasının bazasında açılıb. Sonralar 1972-ci ildə professor D.T.Məmmədov tərəfindən 5 saylı Klinik Xəstəxananın bazasında böyüklər üçün ilk allerqoloji kabinet açılıb. 1982-ci ildə Azərbaycan Allerqoloqlar Cəmiyyəti İmmunoloqların Ümumittifaq Elmi Cəmiyyətinin Respublika şöbəsinə çevrilib.


Hal-hazırda Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabilitoloqlar Cəmiyyəti fəaliyyət göstərir.


Ötən müddət ərzində allergik xəstəliklərin diaqnostika, profilaktika və müalicə problemləri ilə məşğul olan həkimlər komandası və alimlər məktəbi formalaşıb.

2009-cu ildə Azərbaycan Tibb Universitetində tələbə subordinatorların və həkimlərin diplom sonrası təhsili (rezidentlər) üçün Klinik Allerqologiya və immunologiya kursu açılıb və allerqopatoloji xəstələrin müalicə protokolları yaradılıb.


Azərbaycanın əməkdar həkimi, tibb elmləri doktoru, professor L.İ.Allahverdiyevanın rəhbərliyi altında fəaliyyət göstərən Klinik Alleqologiya və immunologiya kursunun mövcud olduğu dövr ərzində Azərbaycan dilində allerqoloji xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına həsr olunmuş dərsliklər, monoqrafiyalar və metodik tövsiyə nəşr olunub. Hal-hazırda Azərbaycan Tibb Universitetinin tələbələrindən başqa allerqologiya və klinik immunologiya ixtisası üzrə həkim-rezidentlər hazırlanır.


Müasir dövrdə dünyada allerqoloji xəstəliklərin yarıdan çoxunu respirator allergiya–allergik rinit və bronxial astma təşkil edir, əhalinin 30-40%-i bu və ya digər allergik təzahürlərdən əziyyət çəkir Belə ki, dünyada 300 milyondan çox əhali bronxial astmadan, bir neçə million insan isə allergik rinitdən əziyyət çəkir.


Azərbaycanda allerqologiyada olan ciddi istiqamətlərdən biri kimi ISAAC proqramı çərçivəsində uşaqlar arasında allergik xəstəliklərin yayılmasını təyin etmək və gələcəkdə xəstəliyin inkişafının qarşısının alınmasında daha məqsədəuyğun və perspektivli olan immunoterapiyanı və immunoreabilitasiyanı işləyib hazırlamaq üçün uşaqlarda allergik xəstəliklərin epidemiologiyası sahəsində aparılan tədqiqatları göstərmək olar. Azərbaycanda ilk dəfə allergik xəstəliklərin ISAAC proqramı üzrə tədqiqatı 1998-2004-cü illərdə Bakı şəhərində aparılıb. Sonralar isə tədqiqatlar rayonlarda da davam etdirilib.

 

Ardı var...

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev