"Yastıpəncəlilik müalicə olunan patologiyadır" -  ATU-nun dosenti
17.05.2022 19:12

"Dar və hündürdaban ayaqqabılar da yastıpəncəliliyə səbəb ola bilər".

 

Elə patologiyalar var ki, ilk baxışdan diqqət çəkmir və ciddi problem hesab olunmur. Əslində isə bu cür hallar insanlarda ciddi narahatlıq yaradır, bəzən fiziki aktivliyi məhdudlaşdırır. Belə patologiyalardan biri olan yastıpəncəlilik haqda danışacağıq. Yastıpəncəlilik nədir, hansı əlamətlərlə özünü büruzə verir və yaratdığı diskomfortu aradan qaldırmaq üçün məsləhət görülən profilaktik tədbirlər varmı?

 

ATU-nun Fizioterapiya və reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev bu suallara aydınlıq gətirib. Paşa müəllim bildirib ki, yastıpəncəlilik pəncənin eninə və boylama  tağının zəifləyib sallanması ilə xarakterizə olunan forma dəyişikliyidir: “Ayaq qövsü (tağ) insanın yeriməsində və addım atmasında birbaşa rol oynayır. Pəncə tağının mövcudluğu bədən ağırlığının ayaqda bərabər paylanmasına kömək edir. Yeriş zamanı pəncənin müxtəlif səthlərə uyğunlaşması üçün tağlar elastik və güclü olmalıdır. Ayaq vətərləri gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı deyilən hündürlüyü əmələ gətirir. Vətərlər kifayət qədər güclü olmadıqda, ayaq altındakı qövs azalır və yastıpəncəlilik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda müşahidə oluna bilər. Bütün uşaqlar yastıpəncəliliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə piy toxuması tağı gizlədə bilər”.

 

P.Mehdiyev yastıpəncəliliyin bədən çəkisi ilə birbaşa əlaqəsi olduğunu da dedi. Qeyd edib ki, bədən çəkisi artdıqca, pəncəyə düşən ağırlıq hesabına boylama yastıpəncəlilik özünü daha kəskin büruzə verir. Bu patologiyaya əsasən qadınlarda rast gəlinir. Boylama yastıpəncəlilik 16-25, eninə yastıpəncəlilik isə 35-50 yaşlarda daha çox müşahidə edilir.

 

Onun sözlərinə görə, anadangəlmə, travmatik, paralitik, raxitik və statik formaları olan yastıpəncəliliyin yaranma səbəbləri içərisində dar və narahat ayaqqabılar geyinmək, uzun müddət hündürdaban ayaqqabıda hərəkət etmək də var. Yastıpəncəliliyin diaqnozu ortoped həkim tərəfindən vizual və podoskopik, həmçinin 2 proyeksiyada rentgenoqrafiya ilə qoyula bilər.

 

Pəncə üzərində oturan zaman müvazinətin itirilməsi, baş barmaqda sümük çıxıntısı (hallux valqus), onurğa əyriliklərinə və diz oynaqlarında artrozun inkişafına səbəb olma, estetik görünüşün və qamətin pozulması, dırnağın ətə batması və uzun müddət piyada gəzərkən baldır əzələlərində ağrıların olmasını yastıpəncəliliyin əsas əlamətləri kimi xarakterizə edən həkim onu da bildirdi ki, bu patologiyanın dərman müalicəsi yoxdur, müəyyən profilaktik tədbirlər görməklə qarşısını almaq olar: “Bunun üçün düzgün yerişin formalaşdırılması, yeriyərkən pəncələri aralı qoymamaq lazımdır ki, pəncənin iç əzələlərinə həddən artıq yük düşməsin, əks halda pəncənin bağ sistemi zəifləyir. Uzun müddət ayaqüstə durub işləyərkən ayaqlara düşən ağırlığı düzgün bölüşdürmək, hündürlüyü 4 sm-dən çox olmayan ayaqqabı geyinmək və ayaqqabı içliyini düzgün seçmək də vacibdir”.

 

Həkimin sözlərinə görə, uzun müddətli ayaqüstü işlər zamanı ayaqqabıda supinator içliklərin istifadəsi, günün sonunda ayaq vannaları və pəncənin masajı, nahamar döşəmədə (daşlı, çınqıllı, qumlu sahələr) pəncə-daban üzərində növbəli yeriş də profilaktik cəhətdən faydalıdır. Konservativ müalicə nəticəsiz olan zaman isə cərrahi müalicə məsləhətdir: “İkinci və daha artıq dərəcəli yastıpəncəlilikdə cərrahi müalicə aparılır və bu əməliyyatın effektivliyi 99 faizdir. Əməliyyatdan sonra isə ortopedik ayaqqabıların istifadəsi tövsiyə olunur”.

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib