Professordan "yay ishali" ilə bağlı xəbərdarlıq
23.07.2026 08:47

Yay aylarında hava temperaturunun yüksəlməsi ilə birlikdə "yay ishali" və ya "turist ishali" kimi tanınan mədə-bağırsaq infeksiyalarının sayı artır.

 

Aztibb.az "HaberTürk"ə istinadən yazır ki, bu barədə Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis professor Tevfik Özlü xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, xüsusilə istirahət və səyahət dövründə qida təhlükəsizliyinə nəzarət etmək çətinləşir və bu da qida mənşəli infeksiyaların riskini artırır.

Professor Tevfik Özlünün sözlərinə görə, yay aylarında ishal halları daha çox körpələr, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Bu vəziyyət orqanizmdə maye-elektrolit balansının pozulmasına və ciddi fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, yay ishali əsasən bakterial və virus mənşəli infeksiyalar nəticəsində inkişaf edir. Bəzi hallarda isə qida zəhərlənməsi, milçəklər və ya çirkli hovuz suyu vasitəsilə yoluxma baş verə bilər.

Onun sözlərinə görə, açıq havada satılan, lazımi temperatur şəraitində saxlanılmayan qidalar, süd məhsulları, kremli şirniyyatlar və açıq mətbəx şəraitində hazırlanan yeməklər mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Maye itkisi təhlükəli nəticələrə səbəb ola bilər

Professor Tevfik Özlü bildirib ki, yay ishali adətən ürəkbulanma, qusma, qarın ağrısı, halsızlıq və tez-tez ishal ilə özünü göstərir.

Mütəxəssisin sözlərinə görə, xəstənin ümumi vəziyyəti qənaətbəxşdirsə, ilk növbədə istirahət etmək və bol maye qəbul etmək vacibdir. Su, mineral su və duzlu ayran maye itkisinin qarşısını almağa kömək edir.

O, həmçinin yağlı və lifli qidalardan müvəqqəti imtina etməyi, banan, kartof, düyü sıyığı, ağ çörək və az yağlı pendirdən ibarət yüngül pəhrizə əməl etməyi tövsiyə edib. Əksər hallarda bu qidalanma rejimi ilə vəziyyət 1–2 gün ərzində yaxşılaşa bilər.

Lakin simptomlar ağır olduqda, xəstə körpə, yaşlı və ya xroniki xəstəliyi olan şəxsdirsə, mütləq həkimə müraciət edilməlidir. Çünki güclü maye itkisi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Açıqda satılan içkilərdən uzaq durun

Professor Tevfik Özlü yay aylarında açıq şəraitdə satılan sərinləşdirici içkilərin, açıq qablarda saxlanılan ayranların, üzüm şərbətlərinin və buz əlavə edilərək satılan içkilərin təhlükəli ola biləcəyini vurğulayıb.

O, həmçinin uzun müddət açıq şəraitdə saxlanılan zeytun yağlı salatlar və digər hazır qidalardan istifadə etməməyi, yaxşı havalandırılmayan məkanlarda uzun müddət qalmamağı və qida gigiyenasına xüsusi diqqət yetirməyi tövsiyə edib

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub