Ekspert: Verilən vədlərin yerinə yetirilməməsi COVAX-a olan inamın itməsinə gətirib çıxarır
27.03.2021 14:42

Vaksinin tapılması COVID-19 virusu ilə mübarizədə ən böyük nailiyyətlərdən biri idi. Bununla milyonlarla insanın həyatı xilas ediləcəkdi. Lakin əsas peyvənd şirkətləri tərəfindən tapılan peyvəndin texniki müvəffəqiyyətinə baxmayaraq, dünyada 8 milyard insanın iki doza vaksinlə mümkün qədər tez peyvənd edilməsi tələbi və irəli sürülən miqyasın böyüklüyü paylanışda çətinliklər yaratdı.

 

Vaksinin olduğu bir dünyada hər gün minlərlə insan virus səbəbindən həyatını itirir, ötən gün ölkəmizdə də COVID-19 testi müsbət çıxmış 24 nəfər insan eyni gündə həyatını itirib. Kimisi anasını, atasını, ən yaxın ailə üzvünü itirdi. Bu, sadəcə fəlakətdir. Hansısa qurumların vaksin bölgüsünü siyasi oyunlarının alətinə çevirməsi nəticəsində insanlar həyatını itirir və bu, onları narahat etmir.

 

Aztibb.az xəbər verir ki, Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib.

 

Ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılan COVAX təsisatı vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasına məsul qurum kimi BMT-yə üzv olan 189 ölkəni vaksinlə təmin edəcəyi vədi versə də, hazırda görürük ki, bu vədlərə düzgün əməl olunmur. Razılaşmaya görə 92 kasıb və aşağı gəlirli ölkə isə peyvəndi COVAX-a toplanan vəsait hesabına çox ucuz və ya pulsuz əldə edəcəkdi. 2021-ci ilin vaksinasiya hədəfinə çatmaq üçün sxemə görə ən azı 2 milyard dollar lazım olduğu halda, COVAX daha artıq, 6 milyard dollar toplayıb.

 

ÜST tərəfindən bildirilmişdi ki, zəngin dövlətlər ikitərəfli razılaşmalara üstünlük verir və vaksini COVAX vasitəsilə deyil, birbaşa istehsalçı şirkətdən almaq istəyirlər. Bu səbəbdən vaksin şirkətləri bütün dozalarını COVAX-a təhvil vermirlər, birbaşa dövlətlərə satırlar. ÜST bütün dövlətləri COVAX vasitəsilə vaksin almağa çağırmışdı.

 

Ancaq görünür ki, planlaşdırdığından artıq vəsait toplamasına baxmayaraq, COVAX-ın vaksin bölüşdürmə siyasəti də uğursuz olub. COVAX Azərbaycan tərəfinə bildirmişdir ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.
Maraqlısı odur ki, COVAX tərəfindən qonşu Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılsa da, ölkəmizə hələ də gəlib çatmayıb. Digər tərəfdən isə bir müddət öncə COVAX ilk etap paylanışlar üçün lazım olan qədər vaksin ehtiyatı topladığını açıqlamışdı.

 

Təbii ki, burada ikili standartların tətbiq edilməsi aydın hiss olunur. Azərbaycan hər zaman birlik və həmrəyliyi təbliğ edən ölkə olaraq tanınıb. Pandemiyanın ilk günlərindən ÜST-ə dövlətimiz tərəfindən 5 milyon dollar əlavə vəsait ayrılmışdı, bir sıra ölkələrə də ianə və tibbi təchizat yardımı edilmişdi.

 

Müqayisə aparsaq, COVAX kimi eyni məqsədlərlə yaradılmış QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fonda dövlətimiz tərəfindən dünyada 2021-2023-cü illərdə adı çəkilən infeksion xəstəliklə mübarizənin dəstəklənməsi məqsədilə 20 milyon dollar vəsait ianə olunmuşdur. Fond orta və aşağı gəlirli ölkələri QİÇS, vərəm və malyariya əleyhinə dərman preparatları, laborator avadanlıq və digər xidmətlərlə təmin etmək üçün vəsaiti ölkələr arasında bölüşdürür. Maraqlısı odur ki, Azərbaycan hökuməti bir dəfəyə fonda 20 milyon dollar vəsait ödəsə də, ölkəmizə Fond tərəfindən 17 milyon dollar vəsait hər il üçün hissə-hissə ianə edilir. Ukrayna hökuməti isə bu fonda üç il üçün yalnız 80 min dollar ianə etsə də, Fond isə Ukraynaya 118 milyon dollar vəsait ianə edib. Bu da, qlobal hərəkatların ədalətsizliyinin digər bariz nümunəsidir.

 

Qeyd etmək istərdim ki, Azərbaycana verilən vədlərin vaxtında yerinə yetirilməməsi COVAX-a olan inamın itməsinə gətirib çıxarır. Belə olan halda, dövlətimiz tərəfindən qısa zamanda lazımi addımların atılacağına və vaksin sifarişlərini tezləşdirmək məqsədilə alternativ həll yollarının tapılacağına inanırıq.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib