Həkim-epidemioloq: "Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar vaksinasiyadan kənarda qalırlar"
12.02.2021 19:31

Ölkəmizdə yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda heç bir yan təsir müşahidə olunmadı. İkinci doza 28 gündən sonra, yəni gələn həftədən etibarən vurulacaq.

 

Bunu Kliniki Tibbi Mərkəzin həkim-epidemioloqu Bənövşə Abdullayeva deyib.

 

O, bildirib ki, bəzi vətəndaşlar peyvənd olunmaqdan çəkinir. Buna səbəb kimi əziyyət çəkdikləri xəstəliklərin vaksin vurdurduqdan sonra aktivləşməsindən, ya da peyvənddən sonra hansısa fəsadlaşmaların baş verəcəyindən qorxduqlarını dilə gətirirlər. Çünki bəzi sosial şəbəkələrdə peyvəndin ciddi əks-təsirlər yaratması, onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: “Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç həftədən çoxdur vaksinasiya aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb.

 

Digər bir tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa var. Bu zaman xəstəlik ağırlaşma olmadan yüngül keçirilir. Peyvənddən sonra yaranan qoruyuculuq individual olsa da, əmələ gələn immunitetin 6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm”.

 

Qeyd edək ki, ölkəmizdə vaksinasiya məqsədilə Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndi istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub