Həkim-infeksionist: "Ölkəmizdə koronavirusa yoluxanların 98 faizi sağalır"
05.02.2021 10:45

Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, bir çox xəstəxanalarda xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Yəni ciddi anlamda azalma müşahidə olunur.

 

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

 

Ölkəmizdə aparılan vaksinasiya prosesindən danışan F.Sədirov peyvəndləmədən sonra yaranan yan təsirlərdən bəhs edib: “Vaksinasiyadan sonra yaranan narahatlıqlarla əlaqədar müraciət edənlər çox az saydadır. Bunlar peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Demək olar ki, peyvəndlə əlaqədar normal təsirləri bəzən vətəndaşlar əlavə və ya yan təsir olaraq qəbul edirlər. Məsələn, peyvənddən sonra 24-48 saat ərzində yüngül dərəcəli qızdırma, halsızlıq, vaksin vurulan yerdə yerli iltihabi reaksiya qeydə alına bilər. Bunlar peyvəndə aid normal əlamətlərdir. Əslində həmin əlamətlərin olması peyvəndə qarşı vücudun yaxşı bir cavab verməsinin və yüksək səviyyədə qoruyuculuğun əmələ gəlməsinin göstəriciləridir. Vətəndaşlar bunları əlavə təsir olaraq qəbul edə bilərlər, ancaq bunlar yan təsir deyil. Hələ ki, bugünədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib”.

 

Həkim-infeksionistin sözlərinə görə, hazırda dünyada koronavirusun yeni mutasiyası aktiv mövzuya çevrilib: “İlk dəfə İngiltərədə qeydə alınan mutasiya B.1.1.7 olaraq adlandırıldı. Hazırda koronavirusun bir mutasiyası qeydə alınıb və o, genetik mutasiyadır. Azərbaycanda hələ ki, qeydə alınmayıb. Koronavirusun milyonlarla mutasiyası olsa da yalnız iriçaplı mutasiyadan bəhs edə bilərik. Çünki kiçikçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Onun klinik təzahürləri barədə bir fikir söyləmək çox tezdir. Hələ COVID-in gedişatı, onun kliniki təzahürləri barədə məlumatlar pandemiyanın altıncı ayından sonra formalaşmağa başladı. Buna baxmayaraq, köhnə variantın yeni klinik təzahürləri də üzə çıxır və xəstəlik əlamətləri sırasına əlavə olunur. Ona görə də İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını söyləmək çox tezdir. İlk mülahizələr koronavirusun yeni mutasiyasının daha sürətlə yayılma potensialına malik olduğu istiqamətindədir. Xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə əlaqədar bir fikir irəli sürülməyib.

 

Hər şeyə rəğmən, biz ehtiyat tədbirlərini hər zaman olduğu kimi görməliyik. Bu, virusun mutasiyasından asılı deyil. Çünki virusun insanda xəstəlik yaratması üçün hansısa formada orqanizmə daxil olması lazımdır. İstər mutasiya olunmuş, istərsə də köhnə virus olsun, qorunma yolları dəyişilməzdir. Həm fizioloji, həm də mexaniki baryerlərdən istifadə olunmalıdır. Yeni növ koronavirusun mutasiyaya uğramış variantının klinik təzahürləri, kimlərdə necə müşahidə olunacağı, hansı yaş qruplarını əhatə edəcəyi, hansı orqana daha çox təsir edəcəyi haqqında danışmaq çox tezdir. Hazırda bu istiqamətdə araşdırmalar aparılır”.

 

Mütəxəssis bildirib ki, yeni növ koronavirusa yoluxub sağalan və qanında anticism yaranan, o cümlədən peyvənd olunanlarda COVID-19-un yeni mutasiyasına yoluxma riski az olur: “Çünki koronavirusun yeni mutasiya olunmuş növü desək də, onun ana strukturu köhnə virusun, hətta koronavirusların 50 il öncəki ana strukturuna bənzəyir. Çarpaz immunitet adlanan bir fenomen var. Hər hansı bir koronavirus növü ilə təmas edən və xəstəlik keçirən insanlarda digər növə yoluxma, yoluxsa belə ağır keçirmə ehtimalı nisbətən daha azdır. O cümlədən xəstəliyi keçirənlər, peyvənd olunanlarda əmələ gələn immunitet sayəsində yeni ştamm ilə təmas və yoluxma halı olsa belə bunun yüngül keçəcəyini düşünmək olar. Bizi narahat edən məsələlərdən biri yeni ştammın ölümə təsiridir. Sürətli yoluxmanın özü dünya, ölkələr üçün ciddi problemlər yaradır. Bu günədək Azərbaycanda koronavirusdan ölüm faizi 2 faizi keçməyib. Baxmayaraq ki, ölkəmizdə koronavirusa yoluxanların 98 faizi sağalır, bu gün pandemiya bütün dünyanı cənginə alıb. COVID-19 xəstəliyi əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olur. Bu gün koronavirusa yoluxan şəxs heç bir şikayəti olmasa belə izolyasiya olunmalı, əmək fəaliyyətini dayandırmalı və müşahidə altında saxlanılmalıdır. Bunların hamısı dünyanın sosial-iqtisadi vəziyyətini poza bilir. Ona görə də ölüm faizindən ziyadə yoluxma sayı da çox önəmlidir. Təbii ki, virusun daha sürətlə yoluxdurması problemdir. Öldürücülüyünün də eyni dərəcədə qalması daha ciddi bir problem ola bilər. İlkin mülahizələrə görə, mutasiya virusun sadəcə yoluxduruculuğunun artımı üzərindədir, amma ölüm dərəcəsində azalma gözlənilir. Belə olarsa, virusla mübarizə nisbətən asanlaşa bilər”.

 

F.Sədirov qeyd edib ki, pandemiya bir nəfərdən başladı, onunla mübarizə isə hər kəsin məsuliyyətidir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat