COVID-19 xəstəliyinə yoluxanlar tam sağalandan 28 gün sonra donor ola bilərlər - Mərkəzi Qan Bankı
01.02.2021 16:06

Bir neçə gün əvvəl Mərkəzi Qan Bankı tərəfindən vətəndaşlara mənfi qan qrupunun azalması ilə əlaqədar müraciət edilmişdi. Dünyada olduğu kimi, ölkəmizdə də əhali arasında mənfi qan qrupları müsbət qan qrupları ilə müqayisədə azlıq təşkil edir.

 

Aztibb.az xəbər verir ki, Qan bankının müdiri Qumral Ələkbərova deyib: “Dünya əhalisinin 94 faizi müsbət, 6 faizi isə mənfi qan qrupuna malikdir. Ona görə də mənfi qan qruplarının ehtiyatı müsbət qan qrupu ilə müqayisədə daha az olur. Doğrudur, bizdə qan ehtiyatı heç vaxt sıfırlanmır, sadəcə ehtiyatların yenilənməsinə və depolanmasına ehtiyac var”.

 

Onun sözlərinə görə, qanın istifadə müddəti olduğuna görə onun ehtiyatı daim yenilənməlidir: “Minimum 50 kiloqram çəkisi olan 18 yaşdan 65 yaşa qədər olan hər kəs qan verə bilər. Qadınlar hər dörd aydan bir olmaqla ildə üç, kişilər üç aydan bir olmaqla ildə dörd dəfə qan verə bilərlər. Donor olmaq istəyənlər əvvəlcə həkim müayinəsindən keçirlər, uyğun bilindiyi təqdirdə onlar qan verə bilərlər. Hər bir sağlam şəxs Mərkəzi Qan Bankına gələrək qan verə bilər.

 

Hepatit B, hepatit C, HİV, sifilis xəstəliyinə yoluxan və sağalanlar donor ola bilməzlər. Ağır ürək əməliyyatı keçirən, xroniki bronxiti olanlar və digər xəstəlik keçirənlərdən qan götürülmür. Bəzən belə yanlış fikirlər olur ki, hepatit A-yə yoluxandan sonra sağalanlar 12 aydan sonra qan verə bilərlər. Pirsinq, tatu etdirən və cərrahi əməliyyat olunanların 12 aydan sonra donor olması mümkündür”.

 

Mərkəzi Qan Bankının müdiri onu da bildirib ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxanlar da tam sağalandan 28 gün sonra donor ola bilərlər. Bəzən elə düşünürlər ki, qan verən zaman immunitet zəifləyir və orqanizm üçün müəyyən təhlükə yarana bilir. Lakin mütəxəssislər bunun əksini bildirirlər: “Qan vermək immunitetə yaxşı təsir göstərir, çünki 400-450 millilitr qan verəndən sonra orqanizmdə onu kompensasiya etmək üçün yeni qan hüceyrələri yaranır. Qan vermək psixoloji-emosional cəhətdən də faydalıdır, çünki bir dəfə qan verən üç insanın həyatını xilas edir. Yəni bir qandan üç fərqli qan komponenti - eritrosit, plazma və trombosit alınır və üç fərqli insana transfuziya edilə bilər”.

 

Qan hər bir orqanizmin təbii ehtiyacıdır. Onu ödəmək üçün bəzən bir sıra çətinliklərlə üzləşməli oluruq. Elə xəstələr olur ki, qan çatışmazlığına görə həyatını itirir. Hətta elə xəstələr olur ki, onlara vaxtaşırı qan köçürmək lazım gəlir. Ona görə də həmişə donorlara böyük ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub