Koronavirusa qarşı peyvənd olunma barədə pasporta ehtiyac varmı?
01.02.2021 16:00

Böyük Britaniyanın “The Economist” jurnalında koronavirus infeksiyasına (COVID-19) qarşı tətbiq edilən peyvəndlə bağlı pasportların verilməsi barədə məqalə yerləşdirilib.

 

Aztibb.az xəbər verir ki, məqalədə beynəlxalq sərhədlərin açılması və səyahətlərin yenidən bərpasının təşviqi üçün mümkün bir yol kimi qiymətləndirilən COVID-19-a qarşı peyvənd olunan şəxslərə verilməsi nəzərdə tutulan pasportların nə vəd etdiyi və nəyi təhdid etdiyi barədə məlumat verilir.

 

Məqalədə artıq bir çox ölkənin COVID-19 əleyhinə peyvəndləmə kampaniyasına başladığı, 50-dən çox ölkədə 68 milyondan çox insanın peyvənd olunduğu bildirilir. Müəllif 7 milyarddan çox əhalisi olan dünya üçün bu rəqəmin elə də böyük olmadığını, ancaq bunun peyvənd olunmuş insanların daha sərbəst səyahət etməsinə icazə verilməsinə dair müzakirələr aparmaq üçün kifayət etdiyini qeyd edir.

 

Məqalədə insanların daha sərbəst səyahət etmələri üçün onlara verilməsi nəzərdə tutulan və peyvənd vurulduqlarını təsdiqləyən sertifikatları və ya pasportlarının bir çox müzakirələrə yol açdığını bildirilir. Seyşel Adaları Respublikası kimi bəzi turizmdən asılı ölkələr, artıq COVD-19 əleyhinə peyvənd olunmuş şəxslərə öz qapılarını açıq elan ediblər. Lakin bu qaydanın daha geniş şəkildə tətbiq olunmasının insanlar üçün nə qədər xoş olacağı ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəziləri bunun normal həyata qayıtmaq üçün daha qısa bir yol olduğunu düşünürlərsə, digərləri bunun ədalətsiz olduğunu və mübahisə yaradacağından narahatdırlar.

 

“Bəzi insanlar üçün peyvənd vurulduqlarını təsdiqləyən peyvənd pasportları radikal görünsə də, bu, dünya tarixində presedentsiz hal hesab olunur. 1922-ci ildə Amerikada məktəblərin bir çoxunda uşaqların dərsdə iştirak etməsi üçün onların çiçək xəstəliyi əleyhinə peyvənd olmaları bir şərt olaraq tələb olunurdu. “Sarı vərəqə” adlı sənəd isə təxminən 100 il əvvəl vəba, sarı qızdırma, səpmə yatalaq və çiçək xəstəliyinə qarşı peyvəndləri qeydə almaq məqsədilə yaradılmış beynəlxalq sertifikatlardır. “Sarı qızdırma” sertifikatı bu günə qədər bir çox ölkələrə giriş üçün şərt olaraq tələb olunur”, – deyə məqalədə qeyd olunur.

 

Müəllif Böyük Britaniyanın səhiyyə nazirinin bu fikri bəyənmədiyini, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin isə insanların səyahət etməsi üçün Avropa İttifaqı miqyasında səyahət sertifikatının tətbiq olunmasının tərəfdarı olduğunu bildirir. O, Yunanıstanın Baş nazirinin ölkəsinin turizmdən asılı olduğunu nəzərə alaraq belə bir fikri irəli sürdüyünü deyir. ABŞ Prezidenti Co Bayden peyvənd pasportlarının qiymətləndirilməsi ilə bağlı tapşırıq verib. Dünyada isə bir çox şirkətlər artıq belə bir pasportun rəqəmsal versiyalarının yaradılması üzərində səylərini davam edirlər.

 

Narahatlıq üçün digər bir səbəb isə vaksinlərin virusa yoluxmağa qarşı nə qədər müdafiə təmin etdiyinin aydın olmamasıdır. Şübhəsiz ki, vaksinlər insan həyatlarını xilas edəcək və ağır xəstəliklərin qarşısını alacaq, ancaq peyvənd olunanların bəzilərinin hələ də bu xəstəliyə tutulma və digərlərinə yoluxdurma ehtimalı qalmaqdadır. Vaksinlər virusun yoluxmasını əhəmiyyətli dərəcədə azaldacaq və belə olan şəraitdə isə insanlar normal həyata daha tez qayıda biləcək və onların səyahət etmələri üçün şərait yaranacaq.

 

“Virusa qarşı peyvəndlərin az kömək etdiyini düşünsək də, bəziləri peyvənd pasportlarının qaçılmaz olduğuna inanır”, – deyə müəllif vurğulayır. New York Universitetinin Grossman tibb fakültəsinin bioetika üzrə professoru Artur Kaplan peyvəndlərin faydalı olduğuna inanır. “Qocalar evlərindəki və xəstəxanalardakı səhiyyə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və bunu təsdiqləyən sənəd tələb olunur. İmmuniteti zəif olanlar, xərçəng xəstələri və yeni doğulan körpələr kimi peyvənd oluna bilməyən həssas xəstələri qorumaq məqsədilə bir çox ölkədə xəstəxana işçilərindən qrip və ya Hepatit B xəstəliyinə qarşı peyvənd olunmaları tələb edilir”, – deyə professor əlavə edib.

 

Məqalədə bəzi biznes sahələrinin, o cümlədən kruiz gəmiləri, hava yolları və restoranların bu il peyvənd pasportları olmadan öz müştərilərini qəbul edilməsində əziyyət çəkəcəkləri bildirilir. Müəllif Avstraliya aviaşirkəti olan “Qantas”ın keçən ildən bəri öz sərnişinlərinin uçuşdan əvvəl COVID-19 əleyhinə peyvənd olunduqlarını sübut edən sənəd təqdim etmələrini məcburi şərt kimi qəbul etdiyini vurğulayır.

 

Həmçinin bildirilir ki, bəzi hökumətlər peyvənd sertifikatı olmayan insanların ölkəyə girişinə tam qadağadan imtina edərək bunu COVID-19 testi və ya oteldə karantin qaydaları kimi əlavə şərtlər qoymaqla əvəzləmək fikrindədirlər. “United Airlines”, “Etihad Airways” və “Emirates Airlines” də daxil olmaqla bəzi aviaşirkətlər COVID-19 testi və ya peyvənd olunduqlarını təsdiqləyən sağlamlıq pasportlarının tətbiqini nəzərdən keçirirlər.

 

Peyvənd pasportlarının tətbiqinin nəsillər arasında fikir ayrılıqları yaratması ehtimalı da böyükdür. Əksər ölkələr birinci növbədə yaşlı nəslin nümayəndələrini peyvənd edirlər. Belə ki, ötən il bir çox gənc yaşlıları qorumaq məqsədilə öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalmışdı. Zəif immunitetə malik və ya sağlamlığı ilə bağlı problemləri olan insanların peyvənd oluna bilməməsi də həmin insanların öz hüquqlarını məhdudlaşdırılması kimi başa düşülə bilər. Pasportlar geniş şəkildə tətbiq olunarsa, bəziləri peyvəndolunma məcburiyyətində qaldıqlarını və onların seçim azadlığının pozulduqlarını hiss edə bilər.

 

Böyük Britaniyada son zamanlarda aparılan araşdırmanın nəticələrinə görə, ingilislərin üçdə ikisindən çoxu koronavirusa qarşı peyvənd pasportlarının tətbiqini qəbul edəcəklərini söyləyiblər. Bu, təəccüblü dərəcədə yüksək bir rəqəm kimi görünsə də, insanların narahatlıqlarından asılı olmayaraq onların karantində kəskin məhdudiyyətlərin tətbiq olunduğu bir şəraitdə yaşaması və bu şəraitə dözümlülük göstərməsi, o cümlədən bütün bunların iqtisadi cəhətdən baha başa gəlməsi o qədər çətindir ki, azacıq aralanmış qapı belə parlaq bir ümid şüasına bənzəyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub