Yaponiyada pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətləri pozanlar cərimələnəcək
15.01.2021 13:02

Yaponiyanın Baş naziri Yoşihide Suqanın administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri pozanların cərimələnməsi barədə qanun layihəsi hazırlayıb.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, yanvarın 15-də Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi Yoluxucu Xəstəliklər Barədə Qanuna təklif edilən əlavələri müzakirə etmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparıb. Həmin əlavələrdə koronavirusun aşkar edildiyi vətəndaşlar əməkdaşlıqdan imtina edəcəyi təqdirdə onların həbsi və ya cərimə olunması nəzərdə tutulur.

 

Görüşdə iştirak edən mütəxəssisləri hökumətin təqdim etdiyi planı əsasən bəyənsələr də, cəzanın tətbiqi zamanı ciddi araşdırmaların aparılmasının zəruriliyini də qeyd ediblər.

 

Y.Suqa administrasiyasının parlamentin gələn həftə keçiriləcək iclası ərəfəsində hakim və müxalif partiyalara göndərdiyi əlavələrdə xəstəxanaya yerləşdirilməkdən imtina edənlərə qarşı 1 milyon yen (təqribən 9600 dollar) cərimə və ya bir il müddətinə həbs nəzərdə tutulur.

 

Səhiyyə müəssisələrinə səhhəti ilə bağlı yalan informasiya verənlərə qarşı isə 500 min yen (təqribən 4800 dollar) cərimə və ya altı ay müddətinə həbs tədbiri görüləcək.

 

Bununla yanaşı, qanunda yer alan bəzi ifadələrin sərtləşdirilməsi də nəzərdə tutulur. Belə ki, hazırkı qanun layihəsində hökumət strukturlarının xəstəxanalardan daha çox çarpayı azad etmək barədə “xahiş etməsi” ifadəsi “tövsiyə etməsi” ifadəsi ilə əvəz olunacaq. Bu tövsiyəni yerinə yetirməyən xəstəxanalar isə ictimai qınaq obyektinə çevriləcək.

 

Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato yanvarın 15-də keçirilən mətbuat konfransı zamanı bildirib ki, belə tədbirlərin müzakirəyə çıxarılması çox zəruridir.

 

Y.Suqa administrasiyası, həmçinin koronavirusla mübarizə çərçivəsində məsafədən işə və iş vaxtının azaldılması barədə tövsiyələrə əməl etməyən müəssisələrə qarşı da cəza tədbirlərinin görülməsi barədə təklifin də qanuna əlavə olunmasını nəzərdə tutur.

 

Qeyd edək ki, Yaponiyada koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq üçün Tokio və Osaka da daxil olmaqla 13 prefekturada fövqəladə vəziyyət rejimi tətbiq olunub. Son məlumatlara görə ölkədə virusa yoluxanların ümumi sayı 300 min nəfəri ötüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub