"Yaralı əsgərlərimiz həkimlərin özlərini təsdiqləməsi üçün material deyil" - Professor müharibə dövründə həkim səhvlərindən danışıb
15.12.2020 13:21
50-dən çox yaralı əsgərin üzərində uğurlu cərrahi əməliyyatlar həyata keçirilib.
 
“Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti”nin sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun "Vətən müharibəsində ATU-nun Tədris-Cərrahi Klinikasında həkimlərimizin yüksək ixtisaslı fədakar əməyi" adlı məqaləsi çap olunub. Aztibb.az həmin məqaləni təqdim edir.
 
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan əraziləri düşməndən azad etdi. Bütün Azərbaycan xalqı böyük bir ideyadan ilham alıb fədakar bir komandirin ətrafında toplaşaraq bu mübarizəyə öz töhfəsini verdi. Onların arasında Azərbaycan həkimləri şərəfli yer tutur.
 
Heç kimə sirr deyil ki, ən uğurlu hərbi əməliyyatları belə itki vermədən başa vurmaq qeyri-mümkündür. Özəlliklə də, Qarabağ kimi mürəkkəb dağlıq ərazilərdə, 30 ildir öz müdafiə mövqelərini möhkəmləndirən işğalçı qüvvələrə qarşı.
 
Müdrik dövlət siyasəti sayəsində Müdafiə Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının xəstəxanaları əvvəlcədən təlim keçmiş yüksək səviyyəli mütəxəssislər tərəfindən gücləndirilmiş və vəzifələrin öhdəsindən uğurla gəlmələrini təmin edən ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Ancaq qaydalara uyğun olmayan şəkildə müharibə aparan və eyni zamanda hərbi əməliyyatların hüdudlarından kənarda yerləşən dinc yaşayış məntəqələrimizi atəşə tutan düşmənimizin vəhşiliyi səbəbindən çoxsaylı yaralılarımız olub və onların müalicəsində mülki strukturların həkimləri də yaxından iştirak edirdilər.
 
Vətən müharibəsinin ilk günlərindən öz sıralarında yüksəkixtisalı, həmkinin 1-ci Qarabağ muharibəsində təcrubə toplamış üz-çənə cərrahını bilrəşdirən “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti” ictimai birliyi, vətən qarşısında borcunu yerinə yetirmək, eyni zamanda əskər və zabitlərimizə aidiyyəti tibbi xidmət göstərmək məqsəsdi ilə, Azərbaycan Səhiyyə Nazirinə məktub ünvanladıraraq ölkəmizin istənilən bölgəsində ehtiyac olduğu təqdirdə anında orada vəzifəsini yerinə yetirməyə hazır olduğunu bildirmişdir.
 
Cəmiyyətin əsas peşakar qüvvəsinin Azərbaycan Tibb Universitetində çalışdığını nəzərə alaraq Müdafiə Nazirliyi ilə Səhiyyə Nazirliyinin razılaşması əsasında 2 oktyabr tarixindən Universitetinin Tədris-Cərrahi Klinikası hərbi əməliyyatlarda yaralanan hərbçilərə ixtisaslaşmış tibbi yardım göstərməyə başladı.
 
Fəaliyyətimizin ilk günlərindən xəstəxanada Universitetimizin Ağız və üz-çənə cərrahiyyəsi kafedrası əməkdaşları yüksək nizam-intizam nümayiş etdirərək, sutka ərzində növbətçilik təşkil etmiş, gündəlik xəstələrin müzakirəsini və baxışlarını, eləcə də klinikanın digər sahələr üzrə mütəxəssislərlə birgə konsiliumları aparmış və nəhayət öz profilinə uyğun müxtəlif mürəkkəb əməliyyatlar həyata keçirmişdir. Belə ki, birinci gündən şöbəyə Mərkəzi Hərbi Hospitaldan və regionlarda yerləşən hərbi hospitallardan, eləcə də sanaviasiya yolu ilə birbaşa cəbhə bölgəsindən yaralılar daxil olurdu.
 
Həkimlərimizin və klinikanın orta tibb personalının fədakar əməyi nəticəsində 50-dən çox müxtəlif uğurlu cərrahi əməliyyatlar keçirilmiş və sağalmış vəziyyətdə hərbçilər stasionardan evə yazılmışdır. Klinika imkan daxilində bu əməliyyatların təminatını öz üzərinə götürmüşdür. Lakin ən böyük problem isə rekonstruksiya əməliyyatları üçün lazımı vasitələrin (lövhələrin və vidaların) ciddi çatışmazlığı olmuşdur. Klinikanın buna imkanı olmadığına görə bizə dəstəyini iş adamı Abasquliyev Samir Akif oğlu göstərmişdir. Belə ki, ciddi ehtiyacımız olan vasitələri əldə etmək üçün S. Abasquliyev 14.000 azn (on dörd min manat) yardım etmişdir. Təəssüflə qeyd etmək istərdim ki, Türkiyədən göndərilən təyinatlı yardımın heç bir lövhəsidə klinikamıza daxil olmamışdır.
 
Xatırladırıq ki, yardım ünvanlı olmalıdır, əks təqdirdə təyinatsız və ya peşakar olmayan həkimlərin əlinə düşdükdə, israfçılığa yol verilir və lazım olan yerlərə vaxtında çatdırılmır. Bəllidir ki, ön cəbhədə hərbçilərə ilkin həkim yardımı göstərilməli və ixtisaslaşmış yardım üçün xəstələr profil üzrə mərkəzlərə göndərilməlidir. Təəssüf ki, bu məsələlərdə yolverilməz özfəaliyyət baş vermişdir.
 
Bildiyiniz kimi, yüzlərlə həkim könüllü olaraq hərbi əməliyyatlara yaxın yerdə tibbi xidmət göstərmək məqsədi ilə Respublikamızın bölgələrinə yollanmışdır. Əminəm ki, bu sadəcə vətənpərvərlik duyğusu ilə atılmış addım olmuşdur. Lakin bununla belə tibb işçilərinin təyinatsız fəliyyəti bəzi hallarda, əməliyyat masasında lazımı hazırlığı olmayan mütəxəssis dayanırdı. Eyni zamanda, yaralıların təxliyə taktikasına görə ön cəbhədə təcili ilkin tibbi yardım göstərilməli və zəruri hallarda ixtisaslaşmış tibb müəssisələrinə göndərilməli idilər. Amma təəssüf ki, istər özünü təsdiq etmək istəyi, istərsə də təcrübə qazanma fürsəti səbəbiylə, bəzi həkimlər nəzarətsiz və məsuliyyətsiz bir şəkildə ixtisaslarına uyğun olmayan mürəkkəb əməliyyatlar etməyə çalışırdılar.
 
Azərbaycan Ağız və üz-çənə Cərrahları Cəmiyyətinin sədri olaraq, əldə etdiyim məlumatlara əsasən, əməliyyatların həcmi 1-2 diş sahəsini keçirən və özəl klinikalarda təcrübə qazanmaqda olan diş həkimləri, ön cəbhədə üz skeletinin sümükləri üzərində rekonstruktiv əməliyyatlar həyata keçirməyə çalışırdılar. Ən yaxşı halda isə qeyri-adekvat müalicə, tibbi ləvazimat və ləvazimatların israf xərcləri, döyüş meydanında tükənmiş yaralıların uzun müddət əməliyyat masasında narkoz altında əməliyyat sonrası fəsadların ortaya çıxması ilə əlaqədar təcili təkrarlanan cərrahi müdaxilələrə ehtiyac yaranırdı. Düşünürəm ki, yaralılarımız həkimlərin özündən razı qalması və özlərini təsdiqləməsi üçün material deyil.
 
Amma effektiv tibbi yardım göstərildiyi təqdirdə, yaralıların 70%-dən çoxunun xidmətə geri qayıtmasına imkan verir.
 
Sonda Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının aşağıda göstərilən əməkdaşlarının xidmətini xüsusi ilə qeyd etmək istərdim:
 
dosent Həsənov Fərman
assistent Fərzəliyev İsmayıl
assistent Akif Quliyev
assistent Yusubov Anar
assistent Əliquliyev Vuqar
assistent Cəfərov Məhəbbət
assistent Faracov Eldar
assistent Toğrul Əliyev
assistent Quliev Səxavət
assistent Elmar Aliyev
assistent Bilal Əliyev
assistent Sahib Bilalzadə
baş laborant Sirac Əhmədov
baş laborant Quliyev Şahın
baş laborant Amin Əliyev
baş laborant Cahid Məmmədov
baş laborant Günel Hajiyeva
rezident Küşvər Seyidova
dosent Nigar Sultanova
aspirant Elvin Osmanov
aspirant Kənan Əmirquliyev
 
Eşq olsun vətənpərvər Azərbaycan oğullarına!
 
Qarabağ Azərbaycandır!
 
 
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq