Mədəaltı vəzi xərçənginin müalicəsində son onilliklərin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilən yeni preparat klinik sınaqlarda ümidverici nəticələr göstərib.
Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, daraxonrasib (daraxonrasib) adlı preparat, xüsusilə bədənin digər nahiyələrinə metastaz vermiş, irəliləmiş mərhələdə olan mədəaltı vəzi xərçəngi xəstələri üzərində sınaqdan keçirilib.
Tədqiqatda iştirak edən 61 xəstənin nəticələrinə əsasən, onların 90 faizində şişlərin böyüməsi dayanıb. Xəstələrin 60 faizdən çoxunda isə şişlər kiçilib və ya tamamilə yox olub. Təxminən 8 faizində xərçəng ocaqları kompüter tomoqrafiyası (KT) müayinəsində görünməyəcək səviyyəyə çatıb.
Bu nəticələr mədəaltı vəzi xərçənginin müalicəsində yeni imkanlar yarada bilsə də, preparatın effektivliyini və təhlükəsizliyini daha geniş klinik tədqiqatlarla təsdiqləmək vacibdir.

