Elmi dünyada maraq doğuran yeni tədqiqat çərçivəsində alimlər orqanizmin doğuşdan sonra böyük ölçüdə zəifləyən və ya fəaliyyəti məhdudlaşan özünü bərpa mexanizmlərini yenidən aktivləşdirməyi hədəfləyən eksperimental regenerativ preparat üzərində çalışırlar.
Aztibb.az "Nature Communications" jurnalında dərc olunan elmi araşdırmaya ostinadən yazır ki, ilkin heyvan təcrübələrində müəyyən şəraitdə yetkin hüceyrələrin yenidən proqramlaşdırılması, onların bölünmə və yeni toxuma formalaşdırma qabiliyyətinin qismən bərpa edilməsi mümkün olub.
Tədqiqatın əsas ideyası bəzi canlı növlərinin, xüsusilə salamandrların yüksək regenerasiya qabiliyyətindən ilhamlanır. Bu canlılar itirilmiş ətraflarını və zədələnmiş toxumalarını yenidən formalaşdırmaq xüsusiyyətinə malikdirlər. Alimlər həmin bioloji mexanizmləri öyrənərək insan orqanizmində də toxumaların bərpasını stimullaşdırmağın yollarını araşdırırlar.
Tədqiqatçılar hesab edirlər ki, hüceyrələrin yenidən proqramlaşdırılması vasitəsilə orqanizmin məhdudlaşmış regenerasiya potensialını müəyyən dərəcədə geri qaytarmaq mümkün ola bilər. Bu yanaşma gələcəkdə ağır zədələr, toxuma itkisi və bəzi degenerativ xəstəliklərin müalicəsində yeni perspektivlər yarada bilər.
Lakin bu istiqamətdə qarşıda ciddi elmi və tibbi çətinliklər də mövcuddur. Əsas məsələlərdən biri hüceyrələrin böyümə və bölünmə prosesinə nəzarət etməkdir. Çünki hüceyrələrin nəzarətsiz çoxalması şişlərin yaranmasına və anormal toxuma formalaşmasına səbəb ola bilər. Buna görə də regenerasiya prosesinin təhlükəsiz şəkildə idarə olunması əsas tədqiqat istiqamətlərindən biridir.
Qeyd edək ki, sözügedən yanaşma hələ eksperimental mərhələdədir və insanlarda tətbiq edilə bilən təsdiqlənmiş müalicə üsulu mövcud deyil. Bununla belə, gələcək tədqiqatlarda təhlükəsizliyi və effektivliyi sübuta yetirilərsə, bu texnologiya itirilmiş toxumaların, hətta ətrafların bərpasına yönəlmiş regenerativ təbabət üsullarının inkişafına töhfə verə bilər.

