Böyük Britaniya və Avstraliyadan olan tədqiqatçılar infarktdan sonra zədələnmiş ürək əzələsinin bərpasına imkan yarada biləcək yeni eksperimental müalicə üsulu hazırlayıblar. Yeni yanaşma ürək hüceyrələrinin yenidən bölünməsini stimullaşdıraraq itirilmiş əzələ toxumasının bərpasını hədəfləyir.
Aztibb.az "Nature Cardiovascular Research"c nəşrinə istinadən xəbər verir ki, Kembric Universiteti, Avstraliyanın QIMR Berghofer Tədqiqat İnstitutu və AstraZeneca şirkətinin mütəxəssislərinin birgə apardığı araşdırmada infarktdan sonra ürəyə qısamüddətli təsir göstərən mRNT yeridilib. Bu molekul Myc və Cyclin T1 adlı iki zülalın fəaliyyətini müvəqqəti aktivləşdirərək ürək əzələsi hüceyrələrinin yenidən bölünməsinə təkan verib. Müəyyən müddətdən sonra mRNT parçalanaraq orqanizmdən uzaqlaşıb.
Ürək əzələsi hüceyrələrinin, yəni kardiomiositlərin əsas xüsusiyyətlərindən biri onların yetkinlik dövründə çox məhdud bölünmə qabiliyyətinə malik olmasıdır. Buna görə də infarkt zamanı qan təchizatının pozulması nəticəsində məhv olan hüceyrələr adətən yenidən yaranmır və onların yerində çapıq toxuması formalaşır. Ağır infarkt zamanı ürək bir milyarda qədər əzələ hüceyrəsini itirə bilər.
Siçanlar üzərində aparılan təcrübələrdə yeni müalicə üsulu tətbiq edilən heyvanların ürəklərinin hər döyüntüdə müalicə almayanlarla müqayisədə təxminən 10 faiz daha çox qan vurduğu müəyyən edilib. Müsbət təsir 12 həftəlik müşahidə müddətində də qorunub.
Tədqiqatın əsas yeniliyi ürək çatışmazlığının yalnız simptomlarını yüngülləşdirmək deyil, infarkt nəticəsində itirilmiş əzələ hüceyrələrinin yenidən yaranmasını stimullaşdırmaq cəhdidir. Hazırda istifadə olunan ürək çatışmazlığı dərmanları ürəyin yükünü azaltmağa və xəstəliyin gedişini nəzarətdə saxlamağa kömək etsə də, məhv olmuş ürək əzələsini birbaşa əvəz etmir.
Kembric Universitetinin tədqiqatçısı Ketrin Vilsonun sözlərinə görə, bu yanaşma ürək çatışmazlığının əlamətlərini müalicə etməklə kifayətlənməyərək orqanın özünü bərpa etməsinə şərait yarada bilər. Britaniya Ürək Fondu da ürəyin özünü bərpa etmək qabiliyyətinin yaradılmasını kardiologiyanın ən mühüm elmi məqsədlərindən biri kimi qiymətləndirir.
Bununla belə, tədqiqatın nəticələri hələlik yalnız heyvanlar üzərində təsdiqlənib. mRNT-nin ürəyə çatdırılması üçün istifadə olunan üsulun insanlarda tətbiqi hazırda mümkün deyil. Bundan əlavə, Myc zülalı hüceyrə çoxalmasının tənzimlənməsində iştirak etməklə yanaşı, xərçəngin inkişafı ilə əlaqəli genlərdən biri hesab olunur. Buna görə də bu zülalın aktivləşdirilməsinin uzunmüddətli təhlükəsizliyi əsas narahatlıq doğurur. Təcrübə müddətində müalicə olunan siçanlarda şiş aşkarlanmasa da, bu nəticə metodun uzunmüddətli təhlükəsizliyini tam təsdiqləmir.
Tədqiqatın növbəti mərhələsində müalicə üsulunun daha iri heyvanlar üzərində sınaqdan keçirilməsi nəzərdə tutulur. Bu mərhələ insanlarda klinik tədqiqatlara keçidin mümkünlüyünü qiymətləndirmək baxımından əhəmiyyət daşıyır.

