Dəniz məhsulları sənayesinin tullantıları tibb sahəsində yeni imkanlar yaradır.
Aztibb.az "Dr Data" platformasına istinadən yazır ki, alimlər mirvari istridyələrinin çanağını örtən sədəf qatından sümük toxumasının bərpası üçün nəzərdə tutulan innovativ material hazırlayıblar. “PearlBone Putty 1600” adlı məhsul ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 510(k) proseduru üzrə tibbi cihazın ABŞ bazarında satışına imkan verən icazəsini alıb.
Milyonlarla il davam edən proses 24 saata endirilib
Qərbi Avstraliya Universitetinin regenerativ biologiya üzrə mütəxəssisi Minqhao Çjenq və komandası “Pinctada maxima” növünə aid mirvari istridyələrinin çanağında olan kalsium karbonatı cəmi 24 saat ərzində insan sümüyünün mineral tərkibindəki kalsium fosfata çevirən xüsusi üsul hazırlayıb.
Təbiətdə milyonlarla il davam edə bilən biominerallaşma prosesinin bir günə sığdırılması bu texnologiyanı xüsusilə diqqətçəkən edir. Yeni materialın bioloji uyğunluğu və dayanıqlı istehsal imkanları onun sümük bərpasında perspektivli alternativ kimi istifadəsinə şərait yarada bilər.
Yeni material necə istifadə olunacaq?
Məhsulun zədələnmə və ya cərrahi müdaxilədən sonra yaranan sümük boşluqlarının doldurulmasında, lövhə və vint kimi fiksasiya vasitələri ilə birlikdə tətbiqi nəzərdə tutulur. Materialın zamanla parçalanaraq yerini yeni sümük toxumasına verməsi planlaşdırılır.
Bu texnologiyanın əsas üstünlüklərindən biri xəstənin öz bədənindən sümük toxumasının götürülməsi üçün əlavə cərrahi müdaxiləyə ehtiyacı azaltmaq potensialıdır. Məhsulun hazırlanması və kommersiya məqsədilə yayılması ilə məşğul olan “Marine Biomedical” şirkəti ABŞ-dakı tərəfdaşları ilə birlikdə satış və paylama istiqamətində hazırlıqları davam etdirir.
Alimlər bu yeniliyin tibbdə tullantı hesab edilən təbii materiallardan səmərəli istifadə etməklə sümük bərpası sahəsində yeni imkanlar yaradacağına ümid edirlər.

