İnsan immun sisteminin reaksiyalarına düşündüyündən daha çox təsir göstərə bilər.
Aztibb.az "The Epoch Times" nəşrinə istinadən yazır ki, bununla bağlı tədqiqatın nəticələrinə görə, dəridə yaranan kiçik qıcıqlanmaya diqqət yetirilməsi nəticəsində meydana gələn iltihabın səviyyəsini təxminən üçdə bir qədər azaltmaq mümkündür.
Əldə olunan nəticələr immun reaksiyalarının tamamilə avtonom olmadığını və diqqətin təsiri ilə müəyyən dərəcədə tənzimlənə biləcəyini göstərir.
“Bədənimizi subyektiv qavrayışımız düşündüyümüzdən daha ciddi bioloji nəticələrə səbəb ola bilər”, – deyə tədqiqatın aparıcı müəllifi Liron Rozenkrants bildirib.
Diqqət immun sisteminin fəaliyyətini tənzimləyə bilər
Tədqiqatçılar iştirakçıların dərisində qısamüddətli iltihab reaksiyası yaratmaq üçün onların qollarına histamin tətbiq edib və dəriyə kiçik iynə batırılması ilə aparılan test (prik-test) həyata keçiriblər.
İştirakçılardan 20 dəqiqə ərzində əllərinə baxmadan qaşınma və yanma hisslərinə diqqət yetirmək istənilib. Nəticədə onların dərisində yaranan şişkinlik və qızartı diqqəti başqa istiqamətə yönəldilən iştirakçılarla müqayisədə təxminən 1,5 dəfə az olub. Bu nəticə immun sisteminin tamamilə avtomatik, yəni heç bir xarici müdaxilə olmadan fəaliyyət göstərdiyi barədə geniş yayılmış təsəvvürü şübhə altına alır.
Tədqiqatçıların fikrincə, diqqətin şüurlu şəkildə müəyyən bədən hisslərinə yönəldilməsi beyinə iltihab reaksiyasını daha yaxşı müəyyən etməyə və onun aradan qaldırılması üçün müvafiq fizioloji mexanizmləri işə salmağa kömək edə bilər.
Bədən hisslərinə diqqət yetirən iştirakçılar qaşınma və yanmanı daha intensiv hiss ediblər. Tədqiqatçılar ehtimal edirlər ki, bu hisslərin daha aydın qavranılması beyinə orqanizmdə baş verən proseslər haqqında daha dolğun məlumat verir. Bu isə immun reaksiyasının daha dəqiq tənzimlənməsinə şərait yarada bilər.
Sonrakı mərhələdə tədqiqatçılar təkrar sınaqda iştirak etmək üçün geri qayıdan 17 nəfər üzərində dəri prik-testini yenidən həyata keçiriblər. Bu dəfə hissiyatı zəiflətmək üçün lidokain preparatından istifadə olunub. Diqqətin bədən hisslərinə yönəldilməsi yenə də iltihabın azalmasına səbəb olsa da, bu təsir hissiyatın tam qorunduğu əvvəlki sınaqla müqayisədə daha zəif olub.
“Əldə etdiyimiz nəticələr diqqət, qavrayış və tənzimləmə arasında maraqlı qarşılıqlı əlaqənin mövcudluğuna işarə edir. Orqanizmdən gələn siqnallar nə hiss etdiyimizi müəyyənləşdirir, diqqət həmin siqnalları necə qavradığımıza təsir göstərir, bu qavrayış isə öz növbəsində bədəndə baş verən proseslərin tənzimlənməsinə kömək edə bilər”, – deyə L.Rozenkrants bildirib.
Diqqətin müəyyən bədən hisslərinə yönəldilməsi parasimpatik sinir sistemini aktivləşdirməklə də iltihabın azalmasına töhfə verə bilər. Bu sistem orqanizmdə istirahət və bərpa proseslərini dəstəkləyir.
İştirakçılar diqqətlərini bədən hisslərinə yönəltdikdə onların ürək ritminin dəyişkənliyi daha yüksək olub. Bu göstərici iltihabın azalmasına kömək edən azan sinirin (vagus siniri) fəaliyyətinin artması ilə əlaqəli ola bilər.
“Bunu belə izah edirik: diqqət beyindən orqanizmə doğru yönələn parasimpatik tənzimləmə mexanizmini işə salır. Eyni zamanda, iltihablı toxumadan gələn hissi siqnalların daha aydın qavranılması beyinə immun reaksiyasını daha səmərəli tənzimləməyə kömək edir”, – deyə L.Rozenkrants qeyd edib.
Diqqəti cəmləmək və artıq düşüncələrdən uzaq durmaq
Eksperiment zamanı iştirakçılar öz əllərinə deyil, ekrana baxıblar. Onlardan sadəcə said nahiyəsindəki qaşınma və ya yanma kimi hisslərə diqqət yetirmək istənilib. İltihabı təsəvvür etmək, sağalma barədə düşünmək və ya orqanizmin reaksiyasını şüurlu şəkildə dəyişməyə çalışmaq tələb olunmayıb.
“Biz pozitiv düşüncəni və ya sağalmaq niyyətini deyil, bədən hisslərinə yönələn diqqəti araşdırmışıq”, – deyə L.Rozenkrants bildirib.
Narahatlıq və gərginlik kimi stress reaksiyalarının immun cavaba təsiri, ümumilikdə, cüzi olub. Bununla belə, yaranan hissləri olduğu kimi qəbul etmək dəridə iltihablı nahiyənin ətrafında meydana gələn qızartının tənzimlənməsində nisbətən daha güclü təsirlə əlaqələndirilib.

