Tibbdə mühüm yenilik: İndiyədək yalnız ölümdən sonra bilinən beyin xəstəliyi artıq qan analizi ilə aşkarlanacaq
23.11.2026 07:29

Amerikalı alimlər qanda aşkarlanan zülal markerinin xroniki travmatik ensefalopatiyanı (XTE) insan sağlığında müəyyən etməyə kömək edə biləcəyini aşkar ediblər. Bu xəstəlik baş nahiyəsinə təkrar zərbələr nəticəsində inkişaf edir. İndiyədək diaqnozu dəqiq təsdiqləmək yalnız pasiyentin ölümündən sonra mümkün idi.

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri JAMA elmi jurnalında dərc olunub.

Kəşf Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Tibb Məktəbinin mütəxəssisləri tərəfindən edilib. Tədqiqatçılar əvvəllər Alzheimer xəstəliyinin biomarkeri kimi nəzərdən keçirilən eMTBR-tau243 zülalının bir fraqmentini araşdırıblar. Məlum olub ki, bu maddənin yüksək konsentrasiyası xroniki travmatik ensefalopatiyanın ağır formalarına da işarə edə bilər.

Tədqiqatda müxtəlif neyrodegenerativ xəstəlikləri olan, eləcə də koqnitiv pozuntuları olmayan 229 nəfər iştirak edib. Alimlər xüsusilə ölümündən sonra xroniki travmatik ensefalopatiya diaqnozu təsdiqlənmiş 11 pasiyentin qan nümunələrinə diqqət yetiriblər. Onlarda araşdırılan zülalın konsentrasiyası sağlam könüllülərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub. Üstəlik, beyin zədələnməsi nə qədər ağır olarsa, zülalın səviyyəsi də bir o qədər yüksəlib.

Risk qrupuna baş nahiyəsinə mütəmadi zərbələr alan şəxslər, o cümlədən boksçular, reqbi və Amerika futbolu oyunçuları, eləcə də hərbçilər daxildir. Xəstəlik yaddaşın zəifləməsi, davranış dəyişiklikləri və təfəkkür pozuntuları ilə müşayiət oluna bilər.

Yeni metod xroniki travmatik ensefalopatiyanın ağır mərhələlərinin aşkarlanmasında yüksək dəqiqlik göstərsə də, xəstəliyin erkən formalarını müəyyən etməkdə daha az effektiv olub. Bundan əlavə, eMTBR-tau243 zülalının səviyyəsi Alzheimer xəstəliyi zamanı da yüksəldiyindən, yalnız qan analizinin nəticəsi əsasında diaqnoz qoymaq hələ mümkün deyil.

Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar bu biomarkerdən beyin zədələnməsi riski yüksək olan şəxslərin vəziyyətini izləmək və perspektivli müalicə üsullarının effektivliyini qiymətləndirmək üçün istifadə etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub