Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Zəfər Gününə həsr olunmuş “Yeni nəsil radioloqlar – Elmdən klinik təcrübəyə” adlı elmi-praktik simpozium çərçivəsində “Baku Stroke & Neurotech 2026” adlı növbəti tədbir təşkil olunub.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, insult və neyrovaskulyar müdaxilələrə həsr olunan tədbirdə Almaniyadan dəvət edilmiş tanınmış ekspertlər və yerli mütəxəssislər iştirak ediblər.
Proqramda İnvaziv Ürək-Damar Mərkəzinin fəaliyyət istiqamətləri və neyroinvaziv təcrübəsi, mexaniki trombektomiya texnikası, yeni neyroinvaziv materiallar, insult və neyrovaskulyar halların müasir müalicə yanaşmaları, eləcə də ekspertlərlə sual-cavab sessiyası təşkil olunub.
Simpozium çərçivəsində praktiki təlimlər keçirilib, model üzərində müasir neyroradioloji müdaxilələr nümayiş etdirilib. Almaniyalı ekspertlərin və Tədris Terapevtik Klinikanın İnvaziv Ürək-Damar Mərkəzinin mütəxəssislərinin birgə rəhbərliyi ilə baş tutan nümayişlər zamanı iştirakçılar trombektomiya və anevrizmaların müalicəsində tətbiq olunan müasir texnologiyalar və tibbi materiallarla yaxından tanış olublar.
Beynəlxalq ekspertlər sırasında Almaniyanın Troisdorf şəhərindəki Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin Tibb fakültəsinin üzvü professor Nuran Abdullayev, Aschaffenburg şəhərinin Radiologiya və Neyroradiologiya Klinikasının rəhbəri Volker Maus, tibbi texnologiyalar üzrə mütəxəssis, Embocraft şirkətinin rəhbəri və CaspiaMedtech-in həmtəsisçisi Günther Peeters yer alıb.
İki gün davam edən elmi-praktik tədbirlər radiologiya və neyroinvaziv müdaxilələr sahəsində müasir biliklərin paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi, gənc mütəxəssislərin peşəkar inkişafı və elmi-klinik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edəki ki, bu qəbildən olan beynəlxalq tədbirlər elmi biliklərin klinik praktikaya inteqrasiyası, gənc mütəxəssislərin tədqiqat potensialının inkişafı və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan DİM 3 – Sağlamlıq və rifah, DİM 4 – Keyfiyyətli təhsil və DİM 9 – Sənaye, innovasiya və infrastruktur məqsədlərinin prioritetləri ilə uzlaşır. Bu istiqamətdə elmi biliklərin inkişafı, innovativ diaqnostik texnologiyaların tətbiqi və yüksəkixtisaslı tibbi kadrların hazırlanması səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

