Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşəbbüsü, Səhiyyə Nazirliyinin tabeliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə qadın və uşaq sığınacağındakı uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
Bu barədə Aztibb.az-a Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən xəbər verilib.
Bildirilib ki, aksiya çərçivəsində 1-18 yaş aralığında olan ümumilikdə 29 uşaq və yeniyetmə tibbi müayinələrə cəlb edilib. Müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər əsasında həyata keçirilib.
Tibbi müayinələrdə TƏBİB-in dəstəyi ilə Respublika Pediatriya Mərkəzinin həkim heyəti iştirak edib. Uşaqlar kardioloq, nevroloq, terapevt, LOR, pediatr, psixoloq və radioloq tərəfindən müayinə olunub. Eyni zamanda, sağlamlıq vəziyyətlərinin ətraflı qiymətləndirilməsi məqsədilə zəruri laborator analizlər aparılıb.
Aksiyanın əsas məqsədi həssas əhali qruplarına aid uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və mümkün ağırlaşmaların qarşısının alınmasıdır.

