Türkiyənin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransında (COP31) səhiyyə ilk dəfə müstəqil fəaliyyət istiqaməti kimi müəyyən edilib. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.
Aztibb.az "TRT Haber"ə istinadəın yazır ki, nazirin bildirdiyinə görə, noyabrın 9-20-də Antalyada keçiriləcək COP31 iqlim dəyişikliyi ilə mübarizədə səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradacaq.
Onun sözlərinə görə, iqlim böhranı artıq yalnız ekoloji problem deyil, həm də insan sağlamlığına, tibbi xidmətlərə əlçatanlığa və səhiyyə sistemlərinin dayanıqlılığına birbaşa təsir göstərən qlobal çağırışdır. Ümumdünya Səhiyyə Təşkilatının da vurğuladığı kimi, iqlim böhranı eyni zamanda sağlamlıq böhranıdır.
Kemal Memişoğlu qeyd edib ki, Türkiyə COP31-ə sədrliyi çərçivəsində səhiyyə məsələsinin konfransın Fəaliyyət Gündəliyinə 10-cu istiqamət kimi daxil edilməsinə nail olub. “Dinamik və dayanıqlı səhiyyə sistemləri” adlanan bu istiqamət iqlim dəyişikliyi ilə mübarizədə səhiyyənin əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edilməsi baxımından mühüm nailiyyətdir.
Nazir bildirib ki, Türkiyə iqlim risklərinin erkən aşkarlanması, profilaktik tibbi xidmətlərin gücləndirilməsi, səhiyyə infrastrukturunun dayanıqlılığının artırılması, rəqəmsal texnologiyaların tətbiqi və tibbi xidmətlərin ekoloji davamlılığının təmin edilməsi istiqamətində təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.
COP31 çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyi Mavi və Yaşıl zonalarda təşkil olunacaq tədbirlər vasitəsilə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini və bu sahədə həyata keçirilən layihələri təqdim edəcək.
Nazirliyin Yaşıl zonadakı proqramı çərçivəsində 12 gün ərzində 31 panel və sessiyanın keçirilməsi, 124 məruzəçi və moderatorun iştirakı nəzərdə tutulur. Tədbirlərdə ÜST, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Əhali Fondu və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Müzakirələrdə ekstremal istilərin, hava çirklənməsinin, su və ərzaq təhlükəsizliyinin, yoluxucu xəstəliklərin və iqlim dəyişikliklərinin psixi sağlamlığa təsirlərinin müzakirəsi planlaşdırılır. Xüsusilə uşaqların, yaşlıların, hamilə qadınların və xroniki xəstəlikləri olan şəxslərin iqlim risklərindən qorunmasına diqqət yetiriləcək.
Bununla yanaşı, Türkiyənin 809 tibb müəssisəsində həyata keçirilən enerji səmərəliliyi layihələri və təxminən 70 xəstəxananı əhatə edən günəş enerjisi investisiyaları da təqdim olunacaq. Yaşıl xəstəxanalar, tullantıların idarə edilməsi, bərpaolunan enerji və rəqəmsal səhiyyə həlləri əsas müzakirə mövzuları sırasında olacaq.
COP31-in əsas məqsədlərindən biri iqlimə davamlı, ekoloji baxımdan dayanıqlı və aşağı karbon emissiyalı səhiyyə sistemlərinin inkişafına dəstək vermək, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

