5-6 noyabr 2026-cı il tarixlərində Zəfər Gününə həsr olunmuş “Yenidoğulmuşlarda neonatal cərrahiyyə və kritik vəziyyətlərin idarə olunması” mövzusunda “Bakı–Naxçıvan Neonatologiya məktəbi” keçiriləcək.
Aztibb.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Səhiyyə Nazirliyinin və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
İnstitutun ənənəsinə uyğun olaraq təşkil edilən elmi-praktiki tədbirdə neonatal tibbi yardıma multidisiplinar yanaşma əsas götürüləcək.
Məktəbin əsas məqsədi yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək, neonatal kritik vəziyyətlərin müasir yanaşmalar əsasında idarə olunmasına dair bilik və təcrübələri bölüşmək, neonatal cərrahiyyə sahəsində elmi-praktiki əməkdaşlığı genişləndirmək, eləcə də Bakı və Naxçıvan arasında peşəkar əlaqələri gücləndirməkdir.
Tədbirdə uşaq cərrahları, pediatrlar, neonatoloqlar və anestezioloq-reanimatoloqlar iştirak edəcəklər. İki gün davam edəcək konfrans çərçivəsində yenidoğulmuşlarda kritik vəziyyətlərin və cərrahi patologiyaların diaqnostikası və müalicəsi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Proqramda neonatologiya, neonatal reanimasiya və intensiv terapiya, neonatal cərrahiyyə, vaxtından əvvəl doğulanların retinopatiyası (ROP), nekrotik enterokolit və anadangəlmə patologiyalar üzrə mövzuların müzakirəsi nəzərdə tutulur.
Bununla yanaşı, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, müasir praktiki yanaşmaların paylaşılması və regionlarda neonatal tibbi xidmətin inkişafına töhfə verəcək əməkdaşlıq imkanlarının müzakirəsi də tədbirin əsas istiqamətlərindən olacaq.
Qeyd edək ki, “Bakı–Naxçıvan Neonatologiya məktəbi” yenidoğulmuşların sağlamlığının qorunması, neonatal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə elmi-praktiki əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Tədbir Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 9 DTT kredit balı ilə qiymətləndirilib. Konfrans hibrid formatda təşkil ediləcək.

