Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) illik hesabat-seçki konfransı keçirilib.
Universitetdən Aztibb.az-a bildirilib ki, gündəlikdən söz açan ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Nərgiz Məmmədova konfrasnda TEC sədrinin illik hesabatının dinlənilməsi, TEC Şurasına seçkilərin keçirilməsi, illik iş planının təsdiqi və digər məsələlərin yer aldığını vurğulayıb.
Daha sonra konfransın işini təşkil etmək məqsədilə sədr, katib və hesablama komissiyasının üzvlüyünə namizədlər irəli sürülüb. Təkliflər səsvermə yolu ilə qəbul olunub.
ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin rəhbəri, professor Eldar Qarayev Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin ildən-ilə genişləndiyini, tələbələrin elmi araşdırmalara marağının artdığını bildirib.
Professor qeyd edib ki, universitet rəhbərliyinin, xüsusilə rektorun TEC-in fəaliyyətinə göstərdiyi diqqət və dəstək tələbələrin elmi nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərir. Bunun nəticəsi olaraq tələbələrin yüksək kvartilli elmi jurnallarda dərc olunan məqalələrinin sayı artır. O, tələbələrin beynəlxalq ixtisaslaşmış konfranslarda məruzəçi və iştirakçı qismində çıxış etmələrinin də elmi fəaliyyətə marağın göstəricisi olduğunu vurğulayıb.
E.Qarayev TEC-in tələbələri elmi fəaliyyət ətrafında birləşdirdiyini, onların tədqiqatlara marağını artırdığını və elmi fəaliyyətə daha fəal yanaşmağa təşviq etdiyini bildirib.
ATU TEC-in sədri, II Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Nigar Babayeva cəmiyyətin ötən bir il ərzindəki fəaliyyətinə dair hesabatla çıxış edib.
Konfrans çərçivəsində ATU TEC Şurasına seçkilər keçirilib. Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.

