Göz yaşı kisəsinin iltihabına dakriosistit deyilir. Əsas səbəbi burun göz yaşı kanalının daralması və ya tutulmasıdır ki, bu da göz yaşının burun boşluğuna axmasına mane olur. Yaranan göz yaşı mayesinin durğunluğu göz yaşı kisəsinin infeksiyalaşmasına gətirib çıxardır.
Aztibb.az xəbər verir ki, klinik formalara əsasən xroniki, kəskin (göz yaşı kisəsinin abses və ya fleqmonası) və yenidoğulmuşların dakriosistiti ayırd edilir. Xroniki dakriosistit geniş yayılmış bir problemdir və əsas əlamətləri daimi yaş axma, irinli ifrazat və gözün daxili küncündə şişkinliyin olmasıdır. Xəstəliyin risk amillərinə şəkərli diabet, immunitetin zəifləməsi, peşə zərərləri, 60 yaşdan yuxarı olan şəxslər, sinusitlər, burun polipləri aiddir. Dakriosistit vaxtında müalicə olunmasa, göz qişalarının infeksiyalaşması, infeksiyanın beyin və burun yollarına yayılması baş verə bilər. Bunu nəzərə alaraq, belə xəstələr ciddi müalicə almalıdır. Xəstəliyin diqnostikası və müalicəsi göz mütəxəssisi tərəfindən aparılır.

