ChatGPT beyin fəaliyyətində neyron əlaqəliliyini 47 faiz azaldır? MIT alimləri qeyri-adi nəticələr əldə ediblər
03.11.2026 09:30

2025-ci ildə Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyasının tədqiqatçıları süni intellektin mətn yazma prosesinə təsirini araşdıran “Your Brain on ChatGPT” adlı elmi işi təqdim ediblər.

Aztibb.az "Medikforum"a istinadən yazır ki, tədqiqatda 54 nəfər iştirak edib. Onlar üç qrupa bölünüblər. Birinci qrup mətn yazarkən ChatGPT-dən, ikinci qrup axtarış sistemlərindən istifadə edib, üçüncü qrup isə mətnləri heç bir texnoloji dəstək olmadan müstəqil şəkildə yazıb.

Araşdırma zamanı məlum olub ki, ChatGPT-dən istifadə edən iştirakçılarda beynin bəzi nahiyələri arasında funksional əlaqəlilik daha zəif olub. Həmçinin həmin iştirakçılar yenicə yazdıqları mətnlərin müəyyən hissələrini yaddaşdan təkrar etməkdə daha çox çətinlik çəkiblər. Mətnləri müstəqil şəkildə yazan şəxslərdə isə daha yüksək neyron fəallığı müşahidə edilib. Tədqiqatçılar hesab edirlər ki, süni intellektdən istifadə zamanı intellektual işin müəyyən hissəsi xarici alətə həvalə olunur. Elmi ədəbiyyatda bu proses koqnitiv yükün azaldılması (cognitive offloading) adlandırılır.

Bəs 47 faiz göstəricisi nəyi ifadə edir? Tədqiqatda qruplar arasında neyron əlaqəliliyinin göstəricilərinə dair fərqlərin olduğu həqiqətən qeyd edilib. Lakin bu rəqəmi beynin neyron əlaqələrinin təxminən yarısının itirilməsi kimi şərh etmək düzgün deyil. Çünki elektroensefaloqrafiya (EEQ) beynin elektrik aktivliyini ölçür, neyronlar arasındakı fiziki əlaqələrin sayını deyil.

Digər mühüm məqam ondan ibarətdir ki, tədqiqat ilkin mərhələdə elmi resenziyadan keçməmiş preprint (ilkin elmi nəşr) kimi yayımlanıb. Eksperimentin əsas tapşırıqları ChatGPT-dən dörd ay fasiləsiz istifadə edildikdən sonra deyil, bir neçə ayrı tədqiqat sessiyası çərçivəsində yerinə yetirilib. Buna görə də araşdırma süni intellektin beyinə zərər verdiyini, intellekt səviyyəsini aşağı saldığını və ya beyində geridönməz dəyişikliklərə səbəb olduğunu sübut etmir.

Mütəxəssislər ChatGPT-dən daha səmərəli istifadə etmək üçün əvvəlcə insanın öz fikirlərini müstəqil şəkildə formalaşdırmasını, daha sonra süni intellektdən həmin fikirləri yoxlamaq və genişləndirmək məqsədilə yararlanmasını tövsiyə edirlər. Süni intellektin təqdim etdiyi cavabları olduğu kimi köçürmək əvəzinə, onları təhlil etmək və üzərində düşünmək də vacibdir.

Beləliklə, tədqiqat ChatGPT-dən istifadənin bəzi tapşırıqlar zamanı insanın zehni fəallığını azalda biləcəyinə işarə edir. Lakin bu nəticə süni intellektin beyindəki neyron əlaqələrini məhv etməsi anlamına gəlmir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib