Rusiyada siçan qızdırmasının yayılması ilə bağlı məlumatlar təsdiqini tapmayıb. Ölkədə yoluxma hallarının sayı adi göstəricilər çərçivəsində qalır. Bununla belə, ayrı-ayrı yoluxma halları qeydə alınır.
Aztibb.az xəbər verir ki, Rusya mediasına bu bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətindən (Rospotrebnadzor) məlumat verilib.
“İlin əvvəlindən etibarən Rusiya Federasiyasının ərazisində HFRS (böyrək sindromlu hemorragik qızdırma) epidemik alovlanması qeydə alınmayıb”, – deyə qurumun mütəxəssisləri bildiriblər.
Söhbət böyrək sindromlu hemorragik qızdırmadan gedir. Bu xəstəlik siçan qızdırması kimi də tanınır. Ayrı-ayrı yoluxma halları qeydə alınmağa davam etsə də, sanitar həkimlərin ölkədə xəstələnmə səviyyəsinin kəskin artmasından danışmaq üçün əsasları yoxdur.
Rospotrebnadzor vəziyyətin sabit və nəzarət altında olduğunu vurğulayıb.
Qurum müxtəlif illərdə yoluxma hallarının sayının niyə əhəmiyyətli dərəcədə dəyişdiyini də izah edib. İnfeksiyanın yayılması əsasən təbii infeksiya ocaqlarında yaşayan gəmiricilərin sayından və onların arasında yoluxmuş heyvanların payından asılıdır. Xəstələnmə hallarının vaxtaşırı artması təbii proseslərlə əlaqədardır. Lakin belə yüksəlişlər arasındakı zaman intervalları növbəti artımın nə vaxt və harada baş verəcəyini əvvəlcədən müəyyən etməyə imkan vermir.
Rospotrebnadzorun açıqlaması Rusiyanın beş regionunda siçan qızdırmasının 1512 yoluxma halının qeydə alınması barədə məlumatların yayıldığı bir vaxta təsadüf edib. Daha əvvəl Tatarıstan, Başqırdıstan, Udmurtiya, Nijni Novqorod və Saratov vilayətlərində yoluxma halları barədə məlumat verilmişdi.
Xəstəliyin əsas yoluxma mənbəyi infeksiyaya yoluxmuş gəmiricilərin ifrazatlarıdır. Törədici insan orqanizminə çirklənmiş tozun nəfəs yolları ilə daxil olması nəticəsində keçə bilər. Buna görə də siçanların məskunlaşa biləcəyi bağ evlərini, tövlələri, zirzəmiləri və digər qapalı məkanları təmizləyərkən xüsusi ehtiyatlı olmaq lazımdır.

